“Büdcə sistemi haqqında” qanuna dəyişiklik təsdiqləndi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər müzakirə edilərək təsdiqlənib.
Aznews.info “Report”a istinadən xəbər verir ki, iclasda parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu dəyişiklik maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində görülən tədbirdir.
Dövlət büdcəsinin kassa icrasında dəyişiklik edilib. Belə ki, dəyişikliyə əsasən ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.
Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində (Bu maddə müdafiə olunan xərc maddələrini əhatə edir) göstərilən xərclərin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna (SOFAZ) köçürülür.
Qeyd edək ki, dəyişiklikdən əvvəl maddədə deyilirdi ki, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür.
Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə SOFAZ-a köçürülür.
Mənbə:> Report.az