Ekspert: Azərbaycanın büdcə tarixində ən böyük kəsir yarana bilər
“2017-ci il üçün dövlət büdcəsi haqqında Qanun prezident tərəfindən imzalandı. Gələn ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat məbləğində təsdiq olundu.
Hesablamalar göstərir ki, yeni təsdiq edilmiş dövlət büdcəsi 2008-ci il də daxil olmaqla, indiyə qədər formalaşan dövlət büdcələri arasında dollar ifadəsində ən kiçiyi olacaq”.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
Ekspert hesab edir ki, gələn ilin birinci yarısında büdcəyə transfertlər ilə bağlı bəzi çətinliklər gözlənilir:
“Eyni zamanda müqayisələr də göstərir ki, yeni büdcənin dollar ifadəsində adambaşına düşən xərcləri qonşu Qafqaz ölkələrindən belə aşağıdır. Növbəti il üçün dövlət büdcəsi, hətta proqnozlarla kiçilsə də, onun reallığı da şübhə doğurur.
Çünki 2017-ci il büdcəsi 2005-ci ildən sonra ilk dəfə olaraq formalaşdırdığı büdcənin gəlirlərinin yarıdan çoxunu qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etməyi nəzərdə tutur. Bu isə xüsusilə də vergi orqanlarının qarşısında ciddi vəzifələr qoyur.
Nəzərə alaq ki, artıq ilin sonudur. Yaxın günlərdə cari ilin büdcəsi tam xərclənərək boşalacaq, bundan əlavə bu ilin sonuna büdcədə kəsir yaranacaq.
Gözləntilərə görə 2016-cı ilin büdcə kəsirinin məbləği 1 milyard manatdan çox olacaq ki, bu da Azərbaycanın büdcə tarixində ən böyük kəsir hesab oluna bilər.
Beləliklə də, prezidentin ehtiyat fondları istisna olmaqla, yeni ilə sıfırlanan büdcənin mədaxilinin təminatı əsas yükü üzərinə götürən qeyri-neft bölməsinin durumundan asılı olacaq. Milli iqtisadiyyatın da ən çox problemləri bu sektorda müşahidə olunur.
Qeyri-neft ÜDM-nin tənəzzülü artıq 6%-ə yaxınlaşır, bu il ərzində qeyri-neft ixracat potensialı ötən ilin eyni dövrü ilə müqayisədə dörddən üçünü saxlaya bilib, idxal da ötən illə müqayisədə azalıb, mədaxilin 14%-ni təşkil edən hüquqi şəxslərin mənfəət vergisi 228 milyon manat azalıb, digər daxilolmalar üzrə azalma isə 1 milyard 960 milyon manat olub.
Bununla yanaşı, növbəti il ərzində iş yerlərinin ixtisarının çoxalması, əməkhaqlarının aşağı salınması hesabına fiziki şəxsləri gəlir vergisi, zərərlə işləyən müəssisə sayının artması və rentabelli müəssisələrdə mənfəətin azalmasına görə hüquqi şəxslərin mənfəət vergisi, idxalın azalmasına görə ƏDV və gömrük rüsumları, neft hasilatında azalmaya görə SOCAR-ın ödənişlərində azalmaların qeydə alınması büdcə mədaxilinin formalaşmasında ciddi çətinlik yaradacaq. Bu, xüsusilə də ilin 1-ci rübündə müşahidə olunacaq”.
Onun sözlərinə görə, növbəti il vergi orqanları üçün də asan olmayacaq:
“Odur ki, yeganə ümid vergi amnistiyası adı ilə 2017-ci ilə qədər olan borcların 70 faizə qədərinin yığılmasınadır. Amma unutmayaq ki, mövcud vergi borcların böyük hissəsi dövlət şirkətlərinə məxsusdur, özəl şirkətlərə məxsus olan borcları müxtəlif məhdudiyyətlərlə (ölkədən çıxışa qadağa, əmlakın müsadirəsi, inzibati həbs və s.) geri almaqda çətinlik çəkən Vergilər Nazirliyinə könüllü borc toplanması o qədər də asan olmayacaq”.
Mənbə:> Oxu.az