Qadınların sahibkarlıqla məşğul olmaları üçün yeni imkan
Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün daha əlverişli mühit yaradılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti sahəsində qadınlar üçün hər hansı məhdudiyyət nəzərdə tutulmur, eyni zamanda, qadınlara münasibətdə xüsusi güzəşt və imtiyazlar da müəyyənləşdirilmir.
Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından tutmuş lisenziya və icazələrin verilməsi, vergi öhdəlikləri, yoxlamaların aparılması, pozulmuş hüquqların bərpası və s. kimi məsələlərədək heç bir cins fərqi və üstünlüyü müəyyənləşdirilmədən sahibkarlıq subyektləri öz hüquqlarını həyata keçirməkdə bərabər imkanlara malikdirlər.
Yol xəritəsində bildirilir ki, 2017-ci ildə qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması nəzərdən keçiriləcək. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Mexanizmlər hazırlanan zaman, xüsusilə, kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olacaq. Kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, ölkə üzrə iqtisadi fəal əhalinin ümumi sayında (4915,3 min nəfər) qadınların sayı 2404,5 min nəfər olub. Qadınların təmsilçilik göstəriciləri məşğul əhalinin sayında (4671,6 min nəfər) da aşağı səviyyədədir – belə ki, məşğul kişilərin sayı 2408,2 min, məşğul qadınların sayı isə 2263,4 min nəfər təşkil edib.
Təbii ki, bu göstərici işsizliyə də öz təsirini göstərir – 243,7 min nəfər işsizin 141,1 min nəfərini qadınlar təşkil edib. Rəsmi statistikaya əsasən, onlardan yalnız 11,1 min nəfəri işsiz statusu alıb.
İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin 58,8%-i kişilər, 41,2%-i isə qadınlar olub. Qadınlar daha çox təhsil, səhiyyə və incəsənət sahələrində təmsil olunurlar.
Təhsil sahəsində çalışanların 71,4%-i, səhiyyə və sosial xidmətlər sahəsində çalışanların 76,6%-i, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların 63,6%-i qadınlar təşkil edib.
Mənbə:> Trend