Vergilər Məcəlləsinə edilən ən vacib dəyişikliklərin siyahısı
“Azərbaycan Respublikasının Vergi Məcəlləsi 11 iyul 2000-ci il tarixində qəbul edilib. Qəbul olunduğu tarixdən etibarən Məcəlləyə 60 dəfə qanun dəyişikliyi tətbiq olunub.
Bu, 60 qanunla Məcəllənin 673 hissəsinə fərqli dəyişikliklər edilmişdir (son dəyişiklik daxil deyil). Vergi Məcəlləsinə son dəyişiklik haqqında qanun 23.12.2016-cı ildə qəbul edilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri mütəxəssis Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, bu, Vergi Məcəlləsi tarixində edilmiş olan ən geniş dəyişiklik paketidir:
“Belə ki, son qanunla Məcəllənin 201 hissəsinə fərqli dəyişikliklər edilmişdir. Bu isə indiyədək edilmiş dәyişikliklәrin düz 30%-i deməkdir.
Bu 201 dəyişikliyin hamısının şərh edilməsi çox uzun olacağı üçün, yalnız əhəmiyyətli olanları ifadə etmək istəyirəm:
- Quş ətinin satışı 3 il müddətinə vergidən azad edilir;
- İnternet vasitəsi ilə qeyri-rezidentlərdən əldə edilən iş və xidmətlərə ƏDV-nin tətbiq edilməsi nəzərdə tutulur;
- Minik avtomobillərinin idxalına görə tutulan aksiz vergi dərəcələri çox əhəmiyyətli dərəcədə artırılır. Misal üçün mühərrik həcmi 5500 sm3 olan avtomobilin aksiz vergisi 51 min 400 manat, ƏDV və gömrük rüsumunu da nəzərə alsaq, təxminən 75 min manat təşkil edəcək;
Zinət əşyalarının idxalına görə aksiz vergisi 2 dəfə artırılır;
- Bir çox fəaliyyət növləri üçün (çalğıçı, müğənni, operator və s.) aylıq 5-30 manat (bölgələrdən asılı olaraq əmsallar tətbiq edilməklə) məbləğində sadələşdirilmiş vergi tətbiq edilməsi nəzərdə tutulur;
- Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanması nəzərdə tutulur.
- Digər dəyişikliklərin böyük əksəriyyəti, yəni 123-ü vergi inzibatçılığının təkmilləşdirilməsinə; Vergi qanunvericiliyində istifadə olunan anlayışların artırılmasına; korrektə xarakterli dəyişikliklərə aiddir.
Ümid edirəm ki, bütün bu dəyişikliklər Azərbaycan investisiya mühitinə və ümumilikdə iqtisadiyyatına müsbət təsir edəcəkdir”, - deyə M.Abbasbəyli qeyd edib.
Mənbə:> Oxu.az