Banklardan nağd pulun çıxarılmasının məhdudlaşdırılması ilə bağlı yenilik hazırlanıb
Banklardan nağd pulun çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə, banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmasına dair müddəa əlavə edilib.
Aznews.info-un Report-a istinadən verdiyi xəbərə görə, bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.
Nazir bildirib ki, nağd əməliyyatların məhdudlaşdırılması təcrübəsi Fransa, İtaliya, Çexiya, Slovakiya və digər ölkələrin qanunvericiliyində də nəzərdə tutulub. Onun sözlərinə görə, bu dəyişiklik nağdsız əməliyyatların həcminin artması, bankların maliyyə vəziyyətinin yaxşılaşması, likvidliyin təmin olunması, pul dövriyyəsinin tənzimlənməsi, əmək haqqı və digər ödənişlərin leqallaşdırılması və nəticədə, ölkənin beynəlxalq reytinqinin artırılmasına şərait yaradacaq.
Mənbə:> Report.az