Milyonlara tikilən dayanacaqlar niyə boşdur? – VİDEO+FOTO
Bir neçə gün əvvəl Milli Məclisdə deputatlar çıxışlarında paytaxtda yeraltı dayanacaqların boş qalmasından şikayətlənmişdilər.
“Qafqazinfo” xəbər verir ki, hətta bu mövzuda sərt çıxış edən YAP-çı deputat Siyavuş Novruzov bildirmişdi ki, son bir neçə ildə Bakıda bir neçə iri parklanma yerləri tikilib istifadəyə verilsə də, həmin yerlərdə siçan oynamaqdadır. Buna səbəb isə 1 saat üçün nəzərdə tutulan məbləğin 1 manat olmasıdır.
“Beş gün iş həftəsidirsə, hər həftəyə avtomobil sahibi 40 manat pul ödəməlidir. Bu da ay ərzində 200 manat edir. Belə çıxır ki, vətəndaş bir avtomobilinə aldığı əməkhaqqının 30-40 faizini ödəməlidir.
Buna görə də, heç kim orada avtomobil saxlamır. Tarif Şurası arada üzünü bu tərəfə çevirib bu sahədə də vahid qiymət müəyyənləşdirsə, yaxşı olardı”, - deyə S.Novruzov Milli Məclisdə deyib.
“Qafqazinfo”nun əməkdaşları vəziyyəti yerində müşahidə etmək üçün “Qış Bulvarı” və “Azadlıq meydanı” ərazisində tikilən yeraltı dayanacaqlara baş çəkib.
“Dayanacaqlarda görünən mənzərə isə heç də ürəkaçan deyil. “Qış Bulvarı”nın altındakı 2 mərtəbəli, 4500 yerlik ərazidə cəmi bir neçə avtomobil gözə dəyirdi. Səhər saat 11 olmasına baxmayaraq, birinci mərtəbədə 890 yer boş qalmışdı. Burada 1 saatın qiyməti 50 qəpikdən başlayır.
“Azadlıq meydanı” ərazisindəki yeraltı dayanacaqda da bənzər vəziyyət hökm sürür. Dayanacağın ikinci mərtəbəsində avtomobillər, ümumiyyətlə, gözə çarpmırdı. Birinci mərtəbədə isə bir neçə cərgə boş qalmışdı. Burada isə 1 saat üçün qiymət 1 manatdan başlayır. Dayanacaq 2 mərtəbədən və 2600 yerdən ibarətdir.
Nəzərə alsaq ki, hər iki dayanacaq şəhərin mərkəzində və mühüm dövlət obyektlərinin, özəl şirkətlərin yaxınlığında yerləşir. Belə olan halda, həmin dayanacaqlarda bir yer belə boş qalmamalıdır.
Elə millət vəkillərinin dediyi kimi, dövlət və özəl qurumlarda çalışan insanlar üçün qiymətlər münasib olmadığından bu cür acınacaqlı vəziyyətin yaranmasına şahid olmaqdayıq.
Halbuki, qiymətləri müəyyən edənlər sürücülər üçün onun əlçatanlılığı nəzərə alsalar, bundan həm onlar, həm də dövlət büdcəsi qazanmış olar.
Milli Məclisin spikeri Oqtay Əsədov da iclasda çıxışı zamanı qiymət bahalığı ilə bağlı aidiyyəti üzrə rəhbər şəxslərə müraciət hazırlayacaqlarını bildirmişdi”, - deyə saytın əməkdaşı yazıb.
Qeyd edək ki, hər iki yeraltı dayanacağın Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğu bildirilir.
Mənbə:> Qafqazinfo.az