20 illik ipotekanın faiz dərəcəsi artırıla bilər
Bir sıra tikinti şirkətlərinin Azərbaycan Beynəlxalq Bankı (ABB) vasitəsilə təqdim etdiyi 20 illik ipotekanın faiz dərəcəsi arta bilər.
Bu barədə Oxu.Az Marja.az-ya istinadən xəbər verir.
İpoteka krediti manatla, 20 il müddətinə, illik 10% dərəcəsi ilə verilirdi. İlkin ödəniş isə layihədən asılı olaraq, “ilkin ödənişsiz” və ya “10% ilkin ödənişlə” idi.
Azərbaycan Beynəlxalq Bankı bir sıra layihələr üzrə mənzil alışının ipoteka ilə maliyyələşdirməyi dayandırıb.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildirilib ki, hazırda sözügedən layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi aparılır. Bank üçün daha sərfəli şərtlərlə bu layihələr üzrə ipoteka kreditləşməsi yenidən bərpa edilə bilər.
Bankın cavabında “Bank üçün daha sərfəli şərtlərlə” ifadəsi diqqəti çəkir. Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsini qaldıran zaman Beynəlxalq Bank ipoteka kreditinin faizini 8%-dən 10%-ə qaldırmışdı. İkinci dəfə uçot dərəcəsi 15%-ə qaldırılan zaman ABB ipotekanın faizinə toxunmamışdı.
Uçot dərəcəsinə paralel olaraq əmanətlər üzrə faiz dərəcəsinin artması (cəlb edilən pul bahalaşıb), tam “üzən məzənnə”yə keçidin nəzərdə tutulması və bunun nəticəsində manatın bir qədər də ucuzlaşacağının ehtimal olunması, Beynəlxalq Bankı şərtlərə yenidən baxmağa vadar edir. Digər tərəfdən, Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub və vəzifə bir neçə iri bankda uğurlu iş təcrübəsinə malik olan Xalid Əsədova həvalə olunub.
“Bank üçün daha sərfəli şərtlər”dən biri ipotekanın faiz dərəcəsinin artırılması ola bilər.
Mənbə:> Oxu.az