Neft Fondu bu layihəyə 500 milyon manat ayıracaq
Dövlət Neft Fondu (SOFAZ) 2016-cı ildə “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin tikintisi layihəsi çərçivəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 496 milyon 155 min manat məbləğində vəsait yönəldəcək.
Oxu.az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə fonddan məlumat verilib.
“Gələn il üçün SOFAZ-ın büdcəsində “CQD” layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 496,155 milyon manatın ayrılması nəzərdə tutulur”, - deyə fonddan qeyd ediblər.
2016-cı ilin yanvar-sentyabr aylarında SOFAZ bu layihədə Azərbaycanın payının maliyyələşdirilməsinə 974,7 milyon manat vəsait yönəldib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 45-47 milyard dollar təşkil edir. Bunun təxminən 14 milyard dolları Azərbaycanın payıdır.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
Mənbə:> Oxu.az