Bankı “batıran” bankirlər həbs olunmalıdırmı? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bankı “batıran” bankirlər həbs olunmalıdırmı?

Bankı “batıran” bankirlər həbs olunmalıdırmı?


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda bankların müflisləşməsinə səbəb olan qərarlar verən bank menecmentinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə açıqlama verib.

Bundan sonra sistemdə olan hər hansı bankla bağlı problem yarananda onun lisenziyasının geri çağırılması ilə yanaşı, “bank rezolyution” alətlərinin tətbiq edilməsi təklif olunub.

Oxu.Az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Fins.az-a açıqlamasında bildirib ki, Palatanın bu mövqeyi tam doğrudur:

“Bankların yanlış qərar verməsi ilə bağlı Palataya mən də bir neçə dəfə müraciət etmişəm. Onların 2-si bank rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı olub. Mən şadam ki, Palata müraciətləri nəzərə alır, nəticələr çıxarır”.

Ə.Həsənov bildirir ki, bəzi hallarda bank rəhbərləri qanunları kobud şəkildə pozurlar: “Bəzən bu pozuntular açıq-aşkar baş verir. Elə bank var ki, Müşahidə Şurasında 2 qardaş oturub.

Halbuki, “Banklar haqqında” qanun bankın iradəetmə orqanlarında yaxın qohumların olmasını qadağan edir. Bu barədə mən bir neçə ay əvvəl Palataya məlumat vermişəm. Ancaq indiyədək sayta baxıram ki, heç bir dəyişiklik yoxdur”.

Hüquqşünas təsdiqləyib ki, bank sistemində ortaya çıxan problemlərin əksəriyyəti məhz bank rəhbərləri və sahiblərinin etdiyi qanunsuz əməllərdən irəli gəlir. Həmin qərarlardan ən böyüyü kreditlərlə bağlı olub.

Ə.Həsənov bu sahədə banklarda ciddi qanun pozuntularının olduğunu vurğulayıb. Bunlar kreditlərin düzgün verilməməsi və kreditlərin qaytarılmasına nəzarət edilməməsidir: “Banklar iri məbləğlərdə kreditlər verir və sonra onları qaytara bilmirlər. Niyə qaytarılmır? Çünki vaxtında düzgün qaydada verməyiblər.

Milyonlarla vəsait girovsuz verilib. Həmin kreditin istifadəsi üzrə biznes plan, alan hüquqi və fiziki şəxslərin maliyyə hesabatları tələb edilməyib”.

Hüquqşünas bu problemlərlə bankın rəhbərlərinin birbaşa rolu olduğunu deyib: “Bankda kredit verilməsi haqqında qərarları 3 qurum verir - kredit komitəsi, bankın idarə heyəti, müşahidə şurası. Bütün bu şəxslər kredit verəndə tələb olunan sənədlərə baxmalı, sonra imzalamalı idilər.

İndi Palata gedib yoxlayır, görür ki, kredit verərkən həmin məsul şəxslər qanunvericiliyin şərtlərinə əməl etməyiblər. Bu, qanunvericiliyin kobud pozuntusudur”.

Ə.Həsənov bildirib ki, banklar kreditlərin təyinatı üzrə istifadəsinə də nəzarət etməyiblər. Halbuki, bu məsələ də qanunla tənzimlənir.

“Bankların əksəriyyəti bunu etmir. Onlar sadəcə müştəridən pulu alıb ciblərinə qoyurlar və işlərini bitmiş hesab edirlər. Sonra onun taleyi ilə maraqlanmırlar. Kredit müqavilələrinin 90%-də kreditin istifadə təyinatı dəqiq göstərilmir.

Əksər hallarda yazılır ki, dövriyyə vəsaitlərinin artırılması üçün verilir. Amma bu təyinat deyil. Bu, faktiki olaraq pulun bankdan oğurlanmasıdır”.

Bankirlərin yol verdiyi digər pozuntular - hansı ki, sonradan banklar üçün böyük problemlər yaradıb - zəmanətlərin verilməsi ilə bağlıdır. Ekspert bildirir ki, bəzi hallarda banklar müxtəlif şirkətlərə və ya əməliyyatlara zəmanət verərkən, riskləri düzgün qiymətləndirməyib.

Nəticədə sonradan yaranan problemlər bankın itkilərlə üzləşməsinə səbəb olub. “Zəmanətlərin verilməsində də problemlər var. Bəzi banklarda zəmanət verdikləri şəxslərin (şirkətlərin) maliyyə hesabatlarını öyənməyiblər. Hətta bu hesabatları almış olsalar belə, onlarla tanış olmadan “gözüyumulu” rəylər veriblər. Bu da son nəticədə banka problemlər yaradıb.

Nəhayət, ən geniş yayılan pozuntulardan biri bankirlərin öz yaxınlarının pullarını banka yüksək faizli əmanətlər şəklində qoymasıdır. Hərçənd, Əkrəm Həsənov bildirir ki, qanunvericiliyə görə, bank rəhbərləri öz yaxınlarına başqalarından daha əlverişli şərtlər təqdim etməməlidir.

Sonradan, vəziyyət dəyişdikdən sonra isə bank həmin yüksək faizlə cəlb edlən əmanətləri qaytarmaqda ya çətinlik çəkir, ya da bu zaman itkilərlə üzləşib.

Ə.Həsənovun fikrincə, bankların müflisləşməsinin çoxu elə bank rəhbərlərinin səhvi üzündən baş verib. “Buna görə də onları məsuliyyətə cəlb etmək lazımdır. Mənim fikrimcə, bank rəhbərləri həm inzibatı qaydada, maliyyə sanksiyaları tətbiq etməklə, həm də cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmalıdır. Cinayət Məcəlləsində qəsdən müflişləşmə maddəsi var. Bunu onlara tətbiq etmək olar. Hansısa qanuna dəyişiklik etməyi gözləmək lazım deyil”.

Bankların yanlış qərar verməsində səhmdarların da ciddi rolu var. Ə.Həsənov əsas qərarların məhz onların ümumi yığıncağında qəbul edildiyini vurğulayıb:

“Əksər hallarda səhmdarlar bu qərarları özləri qəbul etmirlər. Müşahidə Şurasının, İdarə heyətinin üzvlərini buna məcbur edirlər. Deyirlər ki, qərar verməsən səni işdən çıxaracam. Belə hallar çox olur. Bu il 11 bank bağlanıb.

Mən sizi əmin edirəm ki, onların hamısı məhz bu səbbələrə görə müflisləşib. Faktiki həmin sahiblər və idarə edənlər bankı bu yolla dağıdıblar, pulunu mənimsəyiblər. Bu gün də bankların əksəriyyətində vəziyyət bu cürdür. Palata da məhz ona görə belə qərar verib”.

Onu da deyək ki, Palata rəsmiləri bakların idarə edilməsi ilə bağlı qanunvericiliyə də dəyişikliklər olunacağını bəyan ediblər. Bunun yerinə düşdüyünü deyən hüquqşünas bunun səhmdarların məsuliyyətə cəlb olunması baxımından faydalı olacağını qeyd edib:

“Qanunvericiliyə dəyişiklilər tamamilə lazımdı. İndiki qanunvericilik də kifayət qədər əsas verir ki, bank rəhbərlərini, bank sahiblərini qanunsuz əməllərinə görə məsuliyyətə cəlb edək. Palatanın səlahiyyəti var ki, maliyyə hesabatlarının gizlədilməsi, aidiyyəti şəxslərə verilən borclara görə həmin bank rəhbərlərini məsuliyyətə cəlb etsin”.

İndiki qanunvericilikdə səhmdarlar üçün birbaşa məsuliyyət nəzərdə tutulmayıb. Ə.Həsənov bildirib ki, Cinayət Məcəlləsində olan qəsdən müflisləşmə maddəsi istənilən şəxsə tətbiq edilə bilər. Amma onu sübut etmək çətindir:

“Ona görə yaxşı olardı ki, səhmdarlar əgər görürlərsə ki, bank dağılır və buna müdaxilə etmirlərsə, artıq buna görə məsuliyyət daşımalıdırlar”.

Ə.Həsənov hesab edir ki, həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxslərin hər bir əməlinə görə konkret məsuliyyət müəyyən olunmalıdır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *