Bağlanan dörd bankın lisenziyası bərpa edilə bilərmi?
“Bağlanan dörd bankın lisenziyasının yenidən bərpa olunacağını gözləmirəm”.
Bu barədə Oxu.Az-a açıqlamasında bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyib.
“Nəzəri cəhətdən ola bilər ki, bağlanan dörd bank məhkəməyə müraciət edərək yenidən lisenziyasını bərpa etsin. Azərbaycanda iki-üç dəfə belə hallar olub, amma bu təcrübə geniş yayılmayıb.
Xatırlayırsınızsa, fevralda “NBC Bank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv edildi, amma bankın məhkəməyə müraciətdindən sonra onların lisenziyası bərpa olundu. Bununla belə, düşünmürəm ki, bağlanan dörd bankın lisenziyası yenidən bərpa olunsun, çünki o banklarda vəziyyət ürəkaçan deyildi”.
Onun sözlərinə görə, adıçəkilən banklar ya hesabatlarını açıqlamayıb, ya da açıqladıqları hesabatlar reallığı əks etdirməyib:
“Maliyyə Bazarlarına Nəzarət Palatası dörd bankın lisenziyasının ləğv edilmə səbəbləri sırasında təkcə onların kapital, ehtiyat, digər tələblərinin pozduğuna deyil, həm də təqdim etdiyi maliyyə hesabatlarının da həqiqətəuyğun olmadığını göstərib. Bu isə o deməkdir ki, Palata həmin banklarda yoxlama aparıb.
Lisenziyası ləğv edilən “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC hesabatlarını heç vaxt açıqlamayıb. “Dekabank” ASC isə hesabatlarını təqdim edirdi. Amma Palata da bildirdi ki, onların hesabatları reallığı əks etdirmir”.
Qeyd edək ki, Azərbayanda Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. Bu isə o deməkdir ki, Azərbaycanda bankların sayı 37-dən 33-ə düşüb.
Mənbə:> Oxu.az