Xəzərdə iki iri liman tikiləcək
Xəzər nəqliyyat-logistika kompleksinin yaradılması Layihəsinin həyata keçirilməsi Mahaçqala (Dağıstan, Rusiya) dəniz ticarət limanının dövriyyəsini 5-6 dəfə artırmağa imkan verəcək.
Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Ramazan Abdulatipov yerli mətbuata danışıb.
“Bu gün Mahaçqala dəniz limanının dövriyyəsi 1,5-2 mln. ton təşkil edir. Ticarət dövriyyəsini illik 10-12 mln. tona qədər artırmaq imkanına malikik. Ona görə, bu limanın yenidən qurulması, habelə yeni dəniz limanının tikintisini qarşıya vəzifə kimi qoymuşuq”, - deyə Dağıstanın rəhbəri bildirib.
Onun sözlərinə görə, 127 mlrd. rubl (3.3 mlrd. manat) dəyərində olan bu layihə (Xəzər Nəqliyyat-Logistika və Dəniz Sənaye Kompleksi) ölkə başçısı Vladimir Putinə təqdim edilib: “Bura gəmiqayırma zavodu, gəmi təmiri zavodu, biodəniz texnologiyaları zavodunun inşası, Xəzərdə kadr mərkəzinin yaradılması və hərbçilərin artıq bu istiqamətdə çalışdıqları yeni hərbi-dəniz bazası daxildir”.
R.Abdulatipov, həmçinin əlavə edib ki, ilkin hesablamalara görə, Xəzərdə təkcə kilkə ovu sayəsində respublika ildə 2,5 mlrd. rubl həcmində əlavə gəlir əldə edə bilər.
Mənbə:> Report.az