SOCAR: Avropa “saatı durdurub”
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yunanıstanın DESFA şirkətinin səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib hazırlanması məqsədilə Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir.
ANS PRESS-in məlumatına görə, bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin formal dövrü çərçivəsində “saatı durdurub”: "Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi üçün əlavə vaxt verəcək. Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı müşahidə olunan adi hallardan biridir".
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yekun qərarın Avropa Komissiyasının preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.
Qeyd edək ki, Avropa Komissiyasının Rəqabət üzrə Direktorluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA qaz nəqli operatorunda 66 faizlik iştirak payını almasına dair müqaviləyə yenidən baxılmasını müvəqqəti dayandırıb.
Mənbə:> ANSPRESS