Azərbaycan ərəb biznesmenlərini cəlb edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycan ərəb biznesmenlərini cəlb edir

Azərbaycan ərəb biznesmenlərini cəlb edir


“Düzdür, Azərbaycan ixraca hazır deyil, ancaq ixrac imkanlarını artıra bilərsiniz”.

Aznews.info azadliq.org-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Mohammad Ahmed Alqubaisi bu fikirdədir.

O, oktyabrın 20-də keçirilən Azərbaycan-BƏƏ biznes forumundakı çıxışında deyib ki, Dubay bazarı Azərbaycan üçün kiçik ola bilər, ancaq BƏƏ vasitəsilə Afrika ölkələrində uyğun bazar tapmaq mümkündür.

Səfir Azərbaycanın son vaxtlar ərəb biznesmenlərinə cəlbedici olduğunu söyləyir.

“Bu ilə qədər iki ölkə arasında ticarət əlaqələri zəif idi, artıq bu əlaqələr inkişaf etməyə başlayıb”, - deyə Mohammad Ahmed Alqubaisi vurğulayır.

Azərbaycan biznes mühitində artıq ərəb pulları görünür. İqtisadiyyat Nazirliyinin nümayəndəsi Orxan Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda 223 ərəb şirkəti işləyir, qeyri-neft sektoruna qoyulan investisiyalarının həcmi təxminən 659 milyon dollardır: “Ölkələrimiz arasında mal dövriyyəsi 2016-cı ilin üçüncü rübünün sonuna olan bilgiyə görə, 58 milyon dollar təşkil edib”.

Bəs ərəbləri Azərbaycan biznes mühitində nə cəlb edir?

Dubayda şokolad, pazl istehsalıyla məşğul olan və market sahibi Saleem Shubair ilk dəfə Azərbaycana turist kimi gəlib, ölkəni bəyənib və burda biznes qurmaq qərarına gəlib. O, AzadlıqRadiosu-na müsahibəsində deyib ki, istənilən sərmayəçi üçün bəzi amillər vacibdir: “Ölkənin təhlükəsizliyi, biznesin inkişafına imkan verən qanunların mövcudluğu, iqlim şəraiti önəmlidir. Burda iqlim şəraiti, ətraf mühit çox gözəldir, adamlar qonaqpərvərdir”.

Azərbaycan ərəb biznesmenlərini cəlb edir


Market sahibi Saleem Shubair

Saleem Shubair-in fikrincə, Azərbaycan hökuməti ölkəni inkişaf etdirməyə çalışır. O deyib ki, Bakı küçələri Parisdən, Londondan təmizdir.

Ərəb sahibkar iqtisadi böhrana görə, bəzi Avropa və türk iş adamlarının ölkəni tərk etməsindən xəbərdardır, bununla belə, bu fakt onu qorxutmur. Deyir, onlar hələ ki, bazarı öyrənirlər və təkcə Azərbaycanda yox, Gürcüstanda, Bosniyada da araşdırma aparırlar. Qida yaxınlığı, ölkənin bəzi özəllikləri onu Azərbaycana üstünlük verməyə inandıran səbəblərdəndir. Ancaq hələ ki, Saleeh Shubair Azərbaycanda özünə tərəfdaş tapmayıb və bura nə qədər investisiya yatıracağını da müəyyənləşdirməyib.

“Yaxşı ərzaqlar, qəşəng hotellər...”

Turizm sektorunda artıq 2-3 ildir ki, Azərbaycanla işləyən Ahmad Al-Rise əlaqələrdən və biznesinin inkişafından razıdır. O, Azərbaycanı əlverişli turizm imkanlara sahib ölkə sayır, təbiətin, iqlimin və şəhərlərin ərəb turistlərinin marağına səbəb olduğunu söyləyir: “Viza probleminin aradan qaldırılması ərəblərin turist kimi bura gəlməsinə maraq oyatdı. Yaxşı ərzaqlar, təhlükəsizlik, qəşəng hotellər, gözəl yerlər ərəbləri Azərbaycana cəlb edir”.

Ahmad Al-Rise hesab edir ki, hər iki ölkə hökumətinin iqtisadi-ticarət əlaqələri dəstəkləməsi yaxın gələcəkdə ərəb biznesmenlərinin Azərbaycana gəlməsini sürətləndirəcək və təkcə turizm yox, digər sahələrdə də ərəb biznesmenləri böyük yatırımlar edəcəklər.

Ərəbləri nə maraqlandırır?

Birləşmiş Ərəb Əmirliklərinin “Dubay Exports” təşkilatının icraçı direktorunun müavini Mohamed Ali əl-Kamali də Azərbaycanın regionun ən inkişaf etmiş iqtisadi imkanlara malik ölkə olduğunu söyləyib. O deyib ki, “Dubai Exports” 2012-ci ildən Azərbaycan iqtisadiyyatına maraq göstərir: “Bugünkü forumda Dubaydan 20-yə yaxın şirkət iştirak edir”.

Mohammad Ali deyib ki, ərəb biznesmenləri üçün daha çox maraqlı sahələr, əsasən, tikinti, ərzaq, parfümeriya və qablaşdırmadır.

“Biz Dubay bazarına çıxırıq”

Ərəb biznesmenləri ilə əməkdaşlığa yerli sahibkarlar da maraq göstərir. Yerli şirkət təmsilçisi Nicat Əlizadə AzadlıqRadiosu-na müsahibəsində deyib ki, Dubay bazarında Azərbaycan şirələrinə böyük maraq var. Tərəvəz məhsullarını – pomidor, xiyar, badımcanı, hətta süd məhsullarının ərəb bazarına ixracı planlaşdırılır.

Azərbaycan ərəb biznesmenlərini cəlb edir


BƏƏ-dən gətirilmiş ətirlər.

Ancaq digər biznesmen Əlisəfa Nuriyev BƏƏ-də xalça istehsalı ilə məşğul olan biznesmenlərlə anlaşa bilmədiyini deyir, səbəb də onu gətirir ki, orda toxunan xalça Azərbaycandakı xalçadan qat-qat ucuzdur: “Söhbət əllə toxunan xalçadan gedir. Əl əməyi isə hər zaman bahadır. Onlar bu xalçanı harada toxudurlar ki, belə ucuz başa gəlir? Bizə söyləmədilər, bəlkə də ucuz işçi qüvvəsi olan ölkələrdə toxudurlar. Elə qiymətə təklif edirlər ki, burdakı işçiyə verdiyimiz maaşdan da ucuz başa gəlir”.

Əlisəfa Nuriyev deyir ki, əgər bu xalçaları alıb gətirib ölkədə satsalar, o zaman işçilər işsiz qalar, ona görə də onların marağında daha çox istehsaldır, nəinki alıb-satmaq: “Bəzi məsələlərdə birgə əməkdaşlıq təklif etdim, dəyərləndirib, cavab verəcəklər”.

Foruma gələn ərəb sahibkarlarının əksəriyyəti istehsal etdikləri xurmaya, parfümeriyaya, xalçaya, tikinti-dizayn məhsullarına distributor axtarırdı.

“Azərbaycana regional mərkəz kimi yanaşırlar”

Biznes forumun təşkilatçılarından biri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri Rüfət Məmmədov isə deyib ki, ərəb şirkətləri kənd təsərrüfatı məhsullarına, şirələrə böyük maraq göstərir və eyni zamanda Azərbaycana regional mərkəz kimi yanaşır, yəni bu ölkə vasitəsilə digər dövlətlərə çıxmağı düşünür.

AZPROMO-nun rəhbəri əlavə edib ki, rəsmi Bakının da BƏƏ-də ticarət maraqları var və bu ölkədə aqrar sahə üzrə iri ixracatçıya çevrilmək istəyirlər.

“İnvestorun milliyyəti olmur”

“Ərəb biznesmenləri də Azərbaycan biznes mühitini tanıdıqca, avropalı, türk iş adamları kimi ölkədən üz çevirməyə başlayacaqlar”, iqtisadçı Natiq Cəfərli yarızarafat, yarıgerçək deyir.

Natiq Cəfərli hələ ki, xarici investisiyada, xüsusilə, qeyri-neft sektorunda ərəb sərmayəsinin inkişafını görmür, deyir, gözə görünən turistlərdir.

“İnvestorun milliyyəti yoxdur. Ya hamıya maraqlı olursan, ya heç kəsə. Bu mənada, ayrıca ərəb investoruna cəlbedici olmaq mümkün deyil”, - ekspert deyir.

Mənbə: Azadlıq.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *