Elnur Abdullayev: Azərbaycan Rusiyanın MDB-dəki səmərəli tərəfdaşlarından biridir
Azərbaycan Rusiyanın MDB-dəki səmərəli tərəfdaşlarından biridir.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Rusiya Qarışıq Komissiyasının növbəti iclasında Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev deyib.
E.Abdullayevin sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlər normativ aktlarla tənzimlənir.
“Hörmətli Prezident İlham Əliyev ölkə iqtisadiyyatının əsas sahələrindən biri olan nəqliyyat sektoruna daima diqqət yetirib və dəstək verib.
Dövlət başçısının tapşırıqlarına müvafiq olaraq, bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm işlər görülür, eyni zamanda Azərbaycandan keçən tranzit yüklərin həcmi artırılır.
Bu dəstək nəticəsində ötən illər ərzində çoxsaylı islahatlar həyata keçirilib. Son illərdə Azərbaycan və Rusiya arasında idxal ildə 45 faiz artıb. Azərbaycandan Rusiyaya tədarük edilən kənd təsərrüfatı məhsullarının məbləği isə 300 milyon dollardan ibarət olub.
Əsas məqsədimiz Azərbaycanın beynəlxalq yükdaşımaları sisteminə daha sıx inteqrasiyası, ölkəmizin bu sahədə rolunun artırılması, bu ölkələrin avtomobil nəqliyyat xidmətləri bazarında milli avtodaşıma payının yüksəldilməsidir”, - Abdullayev bildirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi qeyd edib ki, Azərbaycanda beynəlxalq nəqliyyat yolları tamamən yenilənib:
“Ölkənin əsas magistral yollarında təmir işləri başa çatıb, digər iri infrastruktur layihələri sona çatıb və ya sona çatmaq üzrədir. Bu nəqliyyat axınlarını ölkəmizin şimalından cənubuna daşımağa, Şərq və Qərbin kəsişməsində İpək yolu üzərində yerləşən Azərbaycanın potensialını nəqliyyat dəhlizi kimi tam istifadə etmək imkanı yaradır.
Həmçinin beynəlxalq avtomobil daşımaları üçün problem yaradan maneələr aradan qaldırılır”.
Mənbə:> Oxu.az