Çoxuşaqlı ailələrə yeni güzəştlər təklifi
Azərbaycanda çoxuşaqlı ailərlə bağlı yeni güzəştlərin tətbiq edilməsi təklif edilir.
Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, onun təklifi çoxuşaqlı ailələrin mənzil problemini həll etməyə yönəlib: “Azərbaycanda beş və daha çox uşağı olan ailələrə hər uşağa görə dövlət tərəfindən müavinət verilir. Təklif edirəm ki, dörd və daha çox uşağı olan ailələrə harada yaşamalarından asılı olmayaraq mənzil tikilməsi üçün növbəsiz və rüsumsuz torpaq sahəsi verilsin”.
M.Quliyev qeyd edib ki, torpaq sahəsi gələcəkdə uşaqlara ev tikmək üçün lazımdır:
“Çünki bu uşaqlar böyüdükdən sonra onların hər birinə ev lazımdır. O ailələrə torpaq sahəsi verilsin ki, uşaqlar böyüyənə qədər imkanı olduqca ev tikə bilsin. Bakıda, eləcə də digər şəhərlərimizdə şəhər kənarlarında boş torpaq sahələri var. Həmin torpaq sahələrindən çoxuşaqlı ailələrə ayırmaq mümkündür”.
Mənbə:> Trend