Nazirlər Kabineti 2017-ci ilin dövlət büdcəsi layihəsini təsdiq edib
Nazirlər Kabineti Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar qəbul edib.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu qərar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi imzalanıb.
Qərarda bildirilir ki, Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı “Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin, eyni zamanda bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Prezidentinə təqdim edilsin.
Mənbə:> Report