Dünya üzrə yeni neft yataqlarının kəşfi 70 illik minimuma enib
Dünya üzrə yeni neft yataqlarının kəşf edilməsi 1947-ci ildən etibarən minimal səviyyəyə enərək 2015-ci ilin yekunlarına görə, aşkarlanan ehtiyatlar 2,7 milyard barel təşkil edib.
Oxu.Az-ın məlumatına görə, Report “Wood Mackenzie” konsaltinq şirkətinin hesabatına əsasən xəbər verir ki, bu göstəricinin 2016-cı ildə daha da azalması proqnozlaşdırılır.
Hesabatda qeyd olunub ki, avqustun 1-nə qədər şirkətlər 736 mln. barel həcmində ehtiyatlara malik olan yeni neft yataqları kəşf edib. ABŞ Energetika İnformasiyaları Adminstrasiyasının (EİA) məlumatına görə, 2026-cı ilə qədər hazırda gündəlik 94,8 mln. barel olan neft tələbi 105,3 mln. barelə yüksələcək.
ABŞ-da şist neft hasilatının artması hesabına tələb ödənilsə də, hasilatın dayanıqlı olması üçün neft qiymətləri 50 dollar/bareldən aşağı düşməməlidir.
“Wood Mackenzie”nin qlobal neft araşdırmaları mütəxəssisi Endryu Latam (Andrew Latham) qeyd edib ki, qlobal neft kəşfiyyatına xərclənən məbləğ 2014-cü ildə 100 mlrd. dollar, 2015-ci ildə isə 40 mlrd. dollar təşkil edib. 2018-ci ilə qədər illik xərclərin də bu səviyyəyə yaxın olması ehtimal edilir.
“Rystad Energy” konsaltinq şirkəti isə bildirib ki, Rusiya və OPEC bazar paylarını qorumaq məqsədilə hasilatı maksimal səviyyəyə yaxınlaşdırıb. İnvestisiyaların azalması 2025-ci ilə qədər qiymətlərdə özünü hiss etdirə bilər.
Mənbə:> Oxu.az