Milli valyuta ilə kredit verən banklar – SİYAHI
Ölkədə fəaliyyət göstərən kommersiya banklarının əksəriyyəti kreditləşməni dayandırıblar. Düzdür, kredit üçün müraciət edən müştərilərə tutarlı səbəb gətirilmir və bunun daxili qərar olduğu bildirilir.
Lakin görünən odur ki, dolların manata qarşı sürətlə dəyər qazanması, eləcə də FED-in sentyabrda baş tutacaq toplantısında faiz siyasəti ilə bağlı verəcəyi qərar bankları real və gözlənilən mümkün risklərdən qorunmağa, ehtiyatlı davranmağa məcbur edir.
Oxu.Az-ın məlumatına görə, Fins.az kreditləşməni dayandıran və davam etdirən bankları araşdırıb. Aşağıdakı mənzərə ortaya çıxıb.
Kredit verməyən banklar
Hazırda kreditləşməni dayandıran maliyyə qurumlarının önündə “AGBank” gəlir. Bankın əməkdaşının sözlərinə görə, daxili qərar əsasında kreditlər müvəqqəti dayandırılıb.
Növbəti müraciət etdiyimiz banklardan – “Atabank” və “Muğanbank”dan da eyni cavabı aldıq. Məlum oldu ki, qərar rəhbərlik səviyyəsində verilib və yenidir.
“Paşa Bank” isə istehlak krediti ayırmadığını və bir müddət bu qərarın qüvvədə olacağını açıqladı. Bununla belə bankda biznes kreditləri hələ də aktivdir.
Bu banklarda kreditlər aktivdir
Girişdə bildirdiyimiz kimi riteyl banklar kreditləşməni davam etdirirlər. Lakin kreditlər valyuta ilə deyil, manatda təqdim olunur. Onların siyahısı aşağıdakı kimidir:
“AccessBank” - “Nağd kredit” istehlak krediti - Dövlət və özəl müəssisə əməkdaşları üçün nəzərdə tutulan kreditin məbləği 500 -10 000 AZN, müddəti 6-24 ay arasındadır. Kreditlər üzrə FİFD (Faktiki illik faiz dərəcəsi) isə 30,1% - 32,6%-dir.
“Unibank”- minimum 300, maksimum 5000 manat
“Bank of Baku” – minimum 300, maksimum 5000 manat
“Yapı Kredi Bank (Azərbaycan)” - 10 min manata qədər məbləğdə
“Expressbank” – minimum 300, maksimum 5000 manat
“Bank Respublika”- əmək haqqının 400 manatdan yüksək olması şərti ilə 5000 manata qədər kredit təqdim edir. 2000 manatdan yuxarı məbləğdə müştəridən Bakı sakini olan zamin tələb edilir.
“Kapital Bank” – təqaüd və maaş kartları bu banka aid vətəndaşlara kredit xətti açır.
“Turanbank”- iş yerindən arayış təqdim etməklə vətəndaşlara 3000 manatadək kredit verir.
“Rabitəbank” – zaminsiz 2000 manata qədər kredit təqdim edir.
Bankların kredit portfeli daha da azalacaq
Məlumat üçün bildirək ki, 2016-cı ilin iyul ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18 milyard 434,2 milyon manat təşkil edib.
Bu da 2015-ci il iyul ayının 1-i ilə müqayisədə 9,1% azalma deməkdir. Bankların yenidən kreditləşməni dayandırması kredit portfelinin hesabat dövrünün sonuna daha da azalacağını söyləməyə əsas verir.
Mənbə:> Oxu.az