Bankirlər bank qanunvericiliyinin təkmilləşdirilməsini təklif edir
Rüfət Aslanlı bank rəhbərləri ilə görüşüb.
Azərbaycan bankları bu sahəni birbaşa və dolayı yolla tənzimləyən qanunvericilik bazasının sürətlə dəyişdirilməsini təklif edir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının bankların rəhbər şəxsləri ilə bu günlərdə keçirdiyi görüşdə əsas müzakirə predmeti olub.
Xatırladaq ki, Azərbaycanda bankların fəaliyyəti ilə əlaqədar Mülki Məcəllə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “İpoteka haqqında”, “Notariat haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələsi gündəmdədir.
Görüşdə bankirlər bu dəyişikliklərin sürətləndirilməsinin vacibliyini R.Aslanlının nəzərinə çatdırıblar. Onlar buna əsas kimi ölkədə yaranmış yeni iqtisadi şəraiti göstəriblər.
Mənbə:> Oxu.az