Neftin qiymətində artım müşahidə olunur
Neft istehsalçılarının qiymətləri sabitləşdirmək üçün danışıqlara yenidən başlayacağına dair xəbərlərin təsiri ilə aprel ayından bu yana görülən ən güclü yüksəliş qeydə alınır.
Oxu.Az xəbər verir ki, “Brent” neftinin qiyməti 47 dolları ötüb.
Səudiyyə Ərəbistanının gələn ay keçiriləcək qeyri-rəsmi OPEK toplantısında neft qiymətlərini sabitləşdirmək üçün danışıqlara hazır olduğu barədə siqnal verməsi neftin bahalaşmasına səbəb olub.
Neftin qiyməti avqust ayının əvvəlində 40 dollardan aşağı enərək, bunun ardınca da 10%-dən çox bahalaşıb. Səudiyyə Ərəbistanında dövlət nəzarətindəki xəbər agentliyinə görə, energetika naziri Xalid əl-Falih bazarı sabitləşdirmək üçün addım atılması lazım olduğunu bildirmişdi.
Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, Brent nefti 0,6% bahalaşma ilə 47,23 dollardan, ABŞ xam nefti isə 0,7% bahalaşma ilə 44,81 dollardan alıcı tapıb.
Mənbə:> Oxu.az