Azərbaycanda 94 patent verildi
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2014-cü ildə ixtiralara dair 94 patent verilib. Onlardan 90 ədədi milli, 4 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, faydalı modelə dair 15 patent qeydiyyata alınıb ki, onlardan da 10 ədədi milli, 4 ədədi xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Sənaye nümunələrinə dair 41 patent verilib ki, onlardan 19 ədədi milli, 22 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Hesabat dövründə müvafiq dövlət reyestrində 1840 ədəd əmtəə nişanı və 1 coğrafi göstərici qeydiyyata alınıb. Hesabat dövründə patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 614 ədəd, şəhadətnəmənin qüvvədə olma müddətinin uzadılması barədə 794 ədəd, əmtəə nişanına dair dəyişiklər edilməsi haqqında 423 ədəd bildiriş qeydiyyata alınıb.
İl ərzində 190 müqavilə qeydiyyata alınıb ki, onlardan 10-u ixtira, faydalı model və sənaye nümunəsi patenti üzrə hüquqların verilməsinə görə, 6-sı patentə dair iddia sənədi üzrə hüquqların verilməsinə görə, 4-ü patentin istifadəsinə dair lisenziya müqaviləsi, 160-ı əmtəə nişanları üzrə hüquqların verilməsinə görə, 1-i əmtəə nişanına dair iddia sənədi üzrə hüquqların verilməsinə görə, 9-u əmtəə nişanlarının istifadəsinə dair lisenziya müqaviləsi, 1-i beynəlxalq əmtəə nişanlarından istifadəyə dair lisenziya müqaviləsidir.
Ötən il Apellyasiya şurasına sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi ilə bağlı 170 etiraz ərizəsi daxil olub. Etirazlara baxılma nəticəsində 130 etiraz ərizəsi əsaslı hesab edilib və təmin edilib. 6 etiraz ərizəsi qismən təmin edilib, 8 etiraz ərizəsi rədd edilib, 10 etiraz hal-hazırda baxılma mərhələsindədir.
Mənbə:> ANSPRESS