Unibankdan bağlanma xəbəri haqqında AÇIQLAMA
Son günlər bir sıra xəbər saytlarında Unibankın bağlanacağı barədə məlumatlar dərc olunub.
AzNews.info xəbər verir ki, yayılmış bu xəbərlərlə əlaqədar olaraq bank öz rəsmi feysbuk səhifəsində açıqlama dərc edib.
Adıçəkilən açıqlamanı olduğu kimi təqdim edirik:
"Son günlərdə bəzi qeyri-ciddi xəbər saytlarında guya Unibankın bağlanacağı ilə bağlı əsassız, heç bir fakta əsaslanmayan məlumatlar yayılır. Bu yazılar bəzi aktiv facebook səhifələrində paylaşılır. Unibank olaraq rəsmi şəkildə bəyan edirik ki, jurnalistika, xəbərçilik prinsiplərini kobud şəkildə pozan, maliyyə savadlılığı çox aşağı səviyyədə olan bu yazılar heç bir fakta söykənmir və kimlərinsə dayaz təfəkkürünün məhsuludur. Ölkənin ən böyük və stabil maliyyə təsisatlarından olan Unibank Kommersiya Bankı fəaliyyətini uğurla davam etdirir və müştəriləri qarşısında öhdəliklərini tam yerinə yetirir. 24 ildir ölkə vətəndaşlarımıza xidmətdən qürur duyan və öz məhsul və xidmətlərində hər zaman müştəri məmnuniyyətini əsas tutan bankımız hələ uzun illər ölkəmizin inkişafına xidmət edəcək. Bu gün Unibankın məhsul və xidmətlərindən istifadə edən vətəndaşlarınızın sayı 800 000-dən çoxdur. Yaxın gələcəkdə sıralarımızın daha da genişlənəcəyinə inanırıq. Bu şayiələri yayan mətbuat nümayəndələrini isə maliyyə bazarında sabitliyi pozmağa yönəlmiş aqressiv və yalan məlumatlar yaymağa deyi, ciddi və ölkənin stabilliyinə yönələn fəaliyyətlə məşğul olmağa çağırırıq.
Bildirmək istəyirik ki, belə qeyri-ciddi, panika yayan və ictimai-iqtisadi sabitliyi pozan şayiələr hüquq-mühafizə orqanlarının araşdırma predmeti ola bilər. Bank olaraq gələcəkdə belə qeyri-ciddi bulvar saytlarının yaydığı şayiələrə reaksiya verməyəcəyik."
Mənbə:> AzNews.info