Manatla qorunan əmanətlərin faizi dəyişə bilər
Maliyyə Bazarlarına Nəzarət Palatası manatla qorunan əmanətlər üzrə faizin yuxarı həddinə baxmağa hazırdır.
Oxu.Az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.
“Bizim mövqeyimiz belədir ki, faiz dərəcələri iqtisadi kateqoriyadır. Əmanətlərin faiz dərəcələrini, bütövlükdə iqtisadiyyatda pulun qiymətindən səlahiyyətli götürüb qiymətləndirmək və onunla əlaqədar müəyyən qərar qəbul etmək heç də əlaqəli davranış olmazdı. Bu nöqteyi-nəzərdən biz hesab edirik ki, monetar orqanların - Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının baxışları bir-biri ilə əlaqəli olmalıdır.
Biz, yəqin ki, bunu Mərkəzi Bank ilə müzakirə etməliyik. Bütövlikdə ölkədə faiz dərəcəsinin dinamikasından aılı olaraq, qorunan əmanətlərin faiz dərəcəsinə də yenidən baxmağa hazırıq”, - Rüfət Aslanlı deyib.
Bank sektoru manatda əmanətlərin cəlbinin artırılması üçün qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini 12%-dən 15%-dək artırmağı təklif edir.
Qeyd edək ki, 2016-cı il martın 1-dən etibarən banklara qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3, milli valyutada isə 12 faizdən yuxarı olarsa, bu əmanətlər sığortalanıb kompensasiya edilməyəcək.
Hazırda bir neçə bank depozitlər üzrə bundan yüksək faiz dərəcələri təklif edirlər.
Mənbə:> Oxu.az