Palata sədri: Manat üçün təhdid ola bilər
“Bank Standard”dakı əmanətlər mərhələli şəkildə dollara çevrilərək sahiblərinə qaytarıla bilər”.
Oxu.Az “Marja”a istinadən xəbər verir ki, bunu cümə günü keçirilmiş mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.
“Bank Standard”da qorunan əmanətlərin məbləği 500 milyon manatdan artıqdır. Bütövlükdə bankdakı əmanətlərin məbləği isə 600 milyon manatdan artıqdır. Bu bankdakı əmanətlərin böyük əksəriyyəti xarici valyutadadır (dollarda).
Bankın maliyyə vəziyyətini bərpa etmək üçün hökumət tərəfindən vəsait ayrılıb. Azərbaycanın dövlət büdcəsi manatda tərtib olunur. Ona görə də, dövlət banka manatda dəstək göstərdi.
Valyuta bazarındakı vəziyyətdən bilirsiniz ki, hələlik təklif tələbi tam ödəmir. Ona görə də, bank müştərilərinə belə bir təklif verir ki, ya məzənnə üzrə manatda, ya da sifarişinizi verin, açıq bazardan valyutanı aldıqca bu vəsaitlər ödənilsin.
Bunun səbəbi obyektivdir. Bunu obyektiv səbəbi ondan ibarətdir ki, bank onda olan manat əmanətlərini bir gündə xarici valyutaya çevirə bilmir.
Bu tələblə bazara çıxsa valyuta ehtiyatlarına, manatın məzənnəsinə, bütövlükdə maliyyə dayanıqlığına təsir edə bilər.
Buna görə bankın rəhbərliyi kifayət qədər dərrakəli və düşünülmüş hərəkət edir. Düşünürəm ki, bankın əmanətçiləri də bunu başa düşməlidirlər, çünki bizim hamımız maliyyə sabitliyində maraqlıyıq.
Bankda 150 minədək şəxsin hesabları var. Onların qalıqları 5 manatdan böyük məbləğlərə qədər gedir. Bu gün biz həmin məbləğləri xarici valyutada tələb etməklə biz maliyyə sabitliyinə əlavə təhdidlərin yaranmasına səbəb ola bilərik. Ona görə də, bankın müştəriləri təmkinli olmalıdır”.
R.Aslanlı əlavə edib ki, “Bank Standard”da olan əmanətlər təhlükəsizdir:
“Bank bu gün manat ilə əmanətləri geri ödəmək qabiliyyətinə malikdir. Sadəcə bəzi müştərilər öz vəsaitlərini xarici valyutada tələb etdiklərindən gecikmə olur. Bazarda olan situasiyanı nəzərə alaraq belə müştərilər səbir etməlidirlər”.
Mənbə:> Oxu.az