Banklar əmanətə xəyanət edir, əhali pulunu dollara çevirir... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Banklar əmanətə xəyanət edir, əhali pulunu dollara çevirir...

Banklar əmanətə xəyanət edir, əhali pulunu dollara çevirir...


Banklardakı şəxsi əmanətlərin azalması davam edir. Sentyabrda əmanətlərin miqdarı avqusta müqayisədə 8,5 milyon manat azalıb.

Manatla əmanətlər bütövlükdə 70,1 milyon azalsa da xarici valyutada saxlanan əmanətlər 61,6 milyon manat artıb.

Bank məsələləri eksperti Əkrəm Həsənov devalvasiyadan sonra meylin dəyişmədiyinə diqqət çəkir: “Bütövlükdə əmanətlərin həcmi azalır. Eyni zamanda əmanətlərini dollarda saxlamaq istəyənlər çoxalır. Bu, daha bir devalvasiya gözləntisi ilə bağlıdır. Deyək ki, kiminsə manat əmanətinin müddəti sentyabrda bitir. O, banka gəlir, əmanətini və faizləri götürür, sonra da həmin məbləğin bir qismini dollara çevirərək yenidən banka yatırır”.

Ekspert “Azadlıq”a açıqlamasında bunun səbəbini bank sisteminə güvənin azalmasında gördüyünü deyir: “Əmanətlərin batmasından qorxurlar. Buna əsasları var. Problemli kreditlərin sürətlə artımı əmanətlərə təhlükəni çoxaldır. Digər tərəfdən, Mərkəzi Bank banklara tələblərini yumşaldır, faktiki olaraq onları başlı-başına buraxır. “Bank of Azerbaijan” və “Texnikabank” artıq xeyli müddətdir əmanətləri qaytarmır. Bu da təşvişi artırır”.

Ə.Həsənov xatırladır ki, qanunun tələbinə zidd olaraq bankların əksəriyyəti maliyyə hesabatlarını dərc etmir: “Deməli, vəziyyətləri ağırdır və bunu gizlədirlər. Həm də artıq çoxları bilir ki, Əmanətlərin Sığortalanması Fondu dövlət qurumu deyil və müflis olsa, dövlət əmanətlərə görə məsul deyil. Yəni bu əmanətlərin sığortalanmasına da bel bağlamaq olmaz. Əslində belə şəraitdə əmanətləri hələ də banklara etibar etməyin özü anormaldır.

Düzdür, bunun da bəlli səbəbləri var. Əvvəla, əhali qeyd etdiyim amilləri maliyyə savadının yetərsizliyindən tam anlamır. Digər tərəfdən, əhali bilmir ki, pulunu hara yerləşdirsin. Daha daşınmaz əmlaka yerləşdirmir, çünki onun qiymətinin düşəcəyini bilir. Pulun hamısını evdə saxlamaq da təhlükəlidir. Bu üzdən bir qismini banka qoyaraq bir növ diversifikasiya edir, yəni şaxələndirir, bəziləri də xaricdə mülk alır. Bilməliyik ki, əmanətlərin əriməsi və dollarlaşması uzunmüddətli prosesdir və bank sisteminə böyük təhlükə törədir”.

Mənbə: Azadlıq Radiosu
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *