“Standard & Poor's” Türkiyənin kredit reytinqini aşağı saldı
“Beynəlxalq reytinq agentliyi “Standard & Poor's” iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin kredit reytinqini aşağı salması ilə bağlı tələsik qərarı başadüşülən deyil”.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi beynəlxalq reytinq agentliyinin qərarını rəsmi “Twitter” hesabında şərh edib.
“Agentlik krediq reytinqini müəyyən edən zaman ölkənin makroiqtisadi göstəricilərini də mütləq nəzərə almalı idi. “Standard & Poor's”ın Türkiyə üzrə göstəricini “BB+” səviyyəsindən “BB”ə endirməsi ilə bağlı tələsik qərarı anlaşılan deyil.
Hökumət olaraq investisiya, istehsalı və ixracatı artırma yönümlü islahatları tezliklə qanuniləşdirəcəyik. Hər zaman olduğu kimi Türkiyə iqtisadiyyatın real sektorunda, həm də maliyyə bazarlarında lazımi addımlar atmağa davam edəcək”, - deyə nazir bəyan edib.
Qeyd edək ki, Beynəlxalq reytinq agentliyi “Standard & Poor's” iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin kredit reytinqini aşağı salıb. Agentlik Türkiyə üzrə göstəricini “BB+” səviyyəsindən “BB”yə endirib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli