Sumqayıta ayrılan milyonlar – 27,7 milyon manat
Sumqayıt bu günlərdə özünün inkişaf dövrünü yaşayır. Şəhərdə kompleks işlər görülür. Sumqayıtda nəinki mərkəzi küçələr, hətta ən kənar, diqqətdən uzaq qalan ərazilər də abadlaşdırlır, yaşıllığa, gül-çiçəyə bürünür. Hazırda Sumqayıtda müxtəlif istiqamətlər üzrə bir sıra ərazilərdə intensiv işlər gedir.
Sumqayıtda aparılan abadlıq-quruculuq işləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun bariz nümunəsi kimi ölkə başçısının son 9 ayda Sumqayıtda aparılan kompleks tədbirlər üçün dövlət büdcəsindən ayırdığı vəsaitləri göstərmək olar.
Son 9 ayda ölkə rəhbərinin Sumqayıta ayrıdığı vəsaitlərə nəzər yetirək.
1. Ötən ilin oktyabrın 13-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat ayrılıb.
2. 2015-ci il dekabrın 15-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.
3. Bu ilin martın 3-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat ayrılıb.
4. 2016-cı il iyunun 10-da isə Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında yeni sərəncam imzaladı. Sərəncama əsasən Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 10 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrıldı.
Göründüyü kimi son 9 ayda ölkə rəhbəri Sumqayıt şəhərinə ümumilikdə 27,7 milyon manat ayırıb.
Son sərəncama qədər ayrılan vəsaitlər hesabına Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni sənaye müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənib, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılıb. Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının əsaslı təmiri davam etdirilir.
Bununla yanaşı, artıq şəhərin istilik təchizatı məsələrinə də geniş diqqət ayrılmaqdadır. Planlaşdırılır ki, yaxın 2 ildə Sumqayıtda istilik təchizatı problemi sakinlərə birdəfəlik unutdurulsun.
Daha bir diqqətçəkən məqam kanalizasiya və binaların zirzəmilərində yığılan sularla bağlıdır. Hazırda Sumqayıtın bir neçə nöqtəsində yaşayış binalarının zirzəmiləri çirkab sulardan qurudulur, yeni kanalizasiya xətləri çəkilir. Maraqlısı odur ki, bu işlər hər zaman şəhərin görünən hissələrində aparılsa da, uzaq mikrorayon və məhəllələrdə bu tip işlər aparılmırdı. Bütün şəhər üzrə bina və zirzəmilərdə bu tip işlərin aparılması alqışalayiqdir. Düzdür, xırda problemlər olsa da, bu problemlərin həllinə ümid daha böyükdür. Çünki hiss olunur ki şəhər icra hakimiyyəti və aidiyyəti qurumlar bu problemləri aradan qaldırmağa maraqlıdır.
Mənbə:> Xeberle.com