Azad Rəhimov “Formula-1”dən danışdı: Ümidvaram ki, gəlir götürə biləcəyik
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda “Formula-1” üzrə Avropa Qran Prisinin keçirilməsi üçün maliyyə planlarından danışıb.
Oxu.Az xəbər verir ki, “Sovetski Sport”a açıqlamasında bu layihənin hökumətinin xüsusi nəzarəti altında olduğunu vurğulayıb.
“Formula-1” yarışlarının Təşkilat Komitəsinə məhz Azad Rəhimov başçılıq edib.
“Hədəfimizə çatacağımıza və “Formula-1”in təşkilinə qoyulan vəsaitin gələcəkdə turizm hesabına geri qayıdacağına ümidvarıq.
Hesablama sadədir. 18,5 min nəfərlik oturacaq quraşdırılıb, 30 minədək bilet satışa çıxarılıb. Biletlərin 10 mini azad yerləşmə məkanları üçün nəzərdə tutulub. Yürüş ərəfəsində biləcəyik ki, nə qədər bilet hansı qiymətə satılıb və gəlirimizi çıxaracağıq.
İkincisi turizmdən gəlirdir. Burada da hesablama apara bilərik. Bu, Bakı hotellərində 12-14 min nəfərlik yerlərdir. Üstəlik, bilirəm ki, villa və apartamentlər də icarəyə götürürlər.
Yəqin ki, biz 15-16 min turist barədə danışa bilərik. Biletlər, hotellər, yemək və nəqliyyat xərclərini orta məbləğdən hesablayırıq. Bunlar iqtisadiyyata, vergilərə təkandır.
Əlbəttə, bu il xərclədiyimiz vəsaiti qaytara bilməyəcəyik. Amma gələn il hər şeyin hazır vəziyyətdə olacağını, asfalt qatının dəyişdirilməyəcəyini nəzərə alaraq, ümidvaram ki, gəlir götürə biləcəyik”, - Rəhimov deyib.
Mənbə:> Oxu.Az