Azərbaycanda 400 min hektara yaxın yararsız torpaq sahələri var
Azərbaycanda 400 min hektara yaxın ərazi kənd təsərrüfatına yararsız vəziyyətdədir. Bundan səmərəli istifadə üçün müxtəlif tədbirlər həyata keçirmək mümkündürmü?
AzNews.info xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ekspertlər düşünür ki, belə əraziləri təmizləyib məhsul istehsal etmək mümkündür.
Tender yolu ilə şoran torpaqları bərpa etmək olar. Xarici ölkə şirkətlərinə icarə yolu ilə verməklə də bu problemi aradan qaldırmaq, həmin ərazilərdə əkinçilik üçün şərait yaratmaq olar. Təbii ki, bu, həm ölkədə kənd təsərrüfatı sektorunun inkişafına müsbət təsir göstərər, həm də daxili bazarda ərzaq bolluğuna və qida məhsullarının qiymətinin ucuzlaşmasına gətirib çıxarar.
Digər tərəfdən, Azərbaycanda boş qalan torpaq sahələri təqribən 400 min hektara yaxındır. Bunun böyük hissəsi isə əkinçiliyə yararsız vəziyyətdədir. Hazırda Rusiya bazarlarında Azərbaycan məhsullarına ehtiyac yaranıb. Ona görə də bu yararsız torpaq sahələri yenidən bərpa edilməli, Rusiya bazarına çıxarıla biləcək məhsulların istehsalı artırılmalıdır.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu məsələdə Azərbaycanla Rusiyanı müqayisə etmək doğru olmaz, çünki ərazi fərqi müqayisə olunmaz dərəcədə böyükdür. Bizdə boş qalan sahələrin təmizlənməsi və yararlı hala gətirilməsi üçün xarici sərmayəyə ehtiyac yoxdur. Azərbaycanın gücü kifayət qədərdir və bu sahədə işlər görülür.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov mətbuata bildirib ki, Azərbaycanda boş qalan torpaq sahələri deqradasiyaya uğramış sahələrdir. Həmin torpaqlar gücdən düşərək münbitliyini itirib. Münbit torpaqların hamısında məhsullar əkilir, istehsal olunur. Boş qalan torpaq sahələrinin əkinə yararlı olması üçün müəyyən proqram qəbul etməli, maliyyə vəsaiti ayırmalıdır.
Eroziya və Suvarma İnstitutunun direktoru Seymur Səfərli ANS PRESS-ə məlumat verib ki, Şamaxı, İsmayıllı, Qobustan, Gədəbəy, Lənkəran və Astara rayonlarında eroziyaya məruz qalan ərаzilərdə eroziya prosesinin qarşısını almaq və tоrpаğın münbitliyini аrtırmaq, eroziyaya qarşı müasir mübarizə tədbirləri hazırlanıb. Həmçinin Abşeron, Quba, Qəbələ, Tərtər rayonlarında, Dağlıq Şirvan bölgəsinə daxil olan Аğsu, İsmayıllı və Şamaxı rаyоnları üçün GIS tехnоlоgiyаsı əsаsındа еrоziyа təhlükəlilik еlеktrоn хəritələr hаzırlаnıb. Bu xəritələr vasitəsi ilə gələcəkdə baş verə biləcək eroziya proseslərini qabaqcadan müəyyənləşdirmək və ona qarşı mübarizə tədbirlərinin hazırlanması mümkün olacaq.
Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin köməyi ilə müasir texnologiyalar əsasında 16 rayon üçün 1:50000 miqyasında torpaq xəritələri rəqəmsallaşdırıb və hər bir rayon üzrə torpağın tipi, yarımtipi, eroziya təhlükəsizliyi, eroziyanın növü və s. məlumatlar bazası hazırlanıb.
Mənbə:> ANSPRESS