Natiq Əliyev: Neftin kəskin ucuzlaşması bizi narahat etmədi
Neftin dünya bazarlarında kəskin ucuzlaşması bizi narahat etmədi. Biz həyata keçirdiyimiz meqa layihələri davam etdiririk. Heç bir ləngimə yoxdur.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda ənənəvi beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan həmin layihələri (“Şahdəniz” Mərhələ 2, TANAP və TAP, “Cənub Qaz Dəhlizi” layihələri – red.) qətiyyətlə həyata keçirmək niyyətindədir.
“Bizim üçün sevindirici haldır ki, bu gün bütün Balkan ölkələri bizim fəaliyyətimizi dəstəkləyir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu cür konfranslar təşkil etməkdə məqsədi yeni maliyyə imkanlarını Azərbaycana cəlb etməkdir:
“Bizim ümumiyyətlə, belə konfransları keçirtməkdə məqsədimiz Azərbaycana gələn qonaqlara ölkədə gedən iqtisadi, texniki proseslər haqqında məlumat verməkdir.
Eyni zamanda yeni layihələri onlara təqdim etmək, gələcəkdə keçiriləcək proqramlar haqqında məlumat vermək belə konfransların keçirilməsinin əsas qayəsini təşkil edir.
Bununla da Azərbaycan onların maliyyə imkanlarını, texnologiyalarını ölkəmizə cəlb etməyi planlaşdırır”.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli