Azərbaycanda kirayə verilən mənzillərdən vergi tutulacaq – ARAŞDIRMA
Mətbuatda gedən informasiyaya görə, artıq Bakıda kirayə verilən mənzillərdən də vergi tutulacaq.
Bildirilir ki, Vergilər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə Bakıda kirayə verilən mənzillərdən 22% həcmində vergi tutulması ilə bağlı təklif verilib.
Qeyd olunur ki, bununla bağlı olaraq, artıq yerli icra hakimiyyətləri tərəfindən Bakı şəhərində kirayəyə verilən mənzillərin siyahı hazırlanır.
O da bildirilir ki, Bakıda kirayə verilən mənzillərdən vergi tutulacaqsa, bu halda belə evlərin kirayə haqqı artacaq.
Bəs tətbiq olunacaq yenilik daşınmaz əmlak bazarının kirayə mənzillər sektorunda qiymətlərə necə təsir göstərəcək? Ümumiyyətlə, mövcud qanunvericiliyə görə, hazırkı dərəcələr üzrə əmlak kirayəsi ilə bağlı vergilər necə hesablanır və ödəniş necə həyata keçirilir?
Vətəndaşlar evini kirayə verdiyi halda, vergini ödəmək üçün hansı posedurları keçməlidir?
Kirayə verən bu vergini ödəməkdən yayınarsa, həmin şəxsə qarşı hansı cərimələr və sanksiyalar tətbiq oluna bilər?
Oxu.Az bu məsələni yerli ekspetrlər ilə dəyərləndirib və Vergilər Nazirliyinin rəsmi mövqeyini öyrənə bilib.
Milli Məclisin deputatı Vahid Əhmədov qanunvericiliyə belə bir dəyişikliyin olacağını istisna etmir:
“Vergi məsələsində həssas olmaq lazımdır. İstənilən halda, gəlir əldə edilən sahədən qanuna uyğun olaraq dövlət büdcəsinə vergi ödənilməlidir. Burda fərqi yoxdur - nəyisə kirayəyə, icarəyə verirsən. Sual etmək lazımdır ki, nə üçün kirayə verilən mənzillərə görə vergi ödənilməsin?
Əgər obyekti icarəyə verəndə dövlət büdcəsinə vergi ödənilirsə, bu kirayə evlərə də şamil ounmalıdır. Düzdür, hazırkı qanunla bu məsələ tənzimlənmir. Amma ola bilər ki, qanunvericiliyə müəyyən dəyişiklik edilsin”.
Onun sözlərinə görə, əgər vergi haqqlarını artırılması ilə bağlı təklif verilsə və qəbul edilsə, bu kirayə mənzil bazarında qiymətlərin bahalaşmasına təsir etməyəcək:
“Mənzilini kirayə vermək istəyən verəcək. Burda heç bir problem olmayacaq. O ki qaldı qiymətlərə, bəli, müəyyən qədər artım ola bilər, amma bu kəskin xarakter daşımayacaq, çünki hazırda bazarda kirayə verilən mənzillərin sayı həddindən artıq çoxdur. Hətta, hazırda ümumi iqtisadi vəziyyət o yerdədir ki, çox insan mənzil kirayə etmək istəmir və buna imkanı da yoxdur”.
Deputat qeyd edib ki, ölkəyə gələn turist sayının çoxalması ilə əlaqədar olaraq, kirayə verilən mənzillərin sayı da artacaq:
“Aldığım son məlumata görə, Gürcüstana turist axını azalıb. Həmin turistlər əsasən Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Ola bilər ki, ölkəyə turist axınının artması ilə əlaqədar olaraq, bazarda kirayə verilən evlərin sayı da çoxalsın”.
V.Əhmədov qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən belə bir təklifin səsləndirilməsi büdcəyə ödənişlərin artırılmasına xidmət edir və büdcəyə ödənişlər arta bilər:
“Əgər belə bir təklif olacaqsa (kirayə mənzillərindən tutulan vergilərin həcminin artırılması - red.), büdcəyə ödənişlərin həcmini müəyyən qədər artıra bilər. Elə bu kimi təkliflərin səsləndirilməsi də gələcəkdə büdcəyə ödənişlərin həcminin artırılmasına xidmət edir.
Bu gün dünya bazarında neftin qiymətləri aşağı düşdüyündən dövlət bücəsinə gəlirlər azalır, hətta xərc hissəsi 100% yerinə yetirilmir.
Müəyyən qəanət mexanizmləri hazırlanır. Elə bu məqsədlə, dövlət büdcəsinə ödənişlərin həcmini artırmaq üçün belə təkliflər səsləndirilir, addımlar atılır və belə təkliflərə baxılır”.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə bildirib ki, bu məsələ ilk vaxtlar qiymətləri qaldıra bilər, sonrakı dövrlərdə isə tələb azaldığından qiymətlər də aşağı düşəcək:
“Əvvəllər də kirayə verilən mənzillərdən səhv etmirəmsə, 4-6% həcmində vergi tutulurdu. Bu gün isə onun artırılmasından söhbət gedir.
Vergilər Nazirliyi tərəfindən belə bir addımın atılması ona xidmət edir ki, kirayə mənzil götürən zaman müqavilə məsələlərini qanunvericiliyə müvafiq olaraq həll edə bilsinlər.
Məsələn, əksər hallarda 500 manat kirayə verilən mənzili, müqavilədə 200 manata verilmiş kimi göstərilir. Düşünürəm, bu kimi detalları sahmana salmaq üçün bu cür addım atılıb”.
Onun sözlərinə görə, bununla kirayə mənzil bazarından büdcəyə ödənişlərin həcmi 20-30% arta bilər.
Ekspert hesab edir ki, əgər layihə qəbul edilsə, bu bazarda qiymətləri qaldıracaq, “amma bundan sonra tələb azaldığına görə, təklif edən qiymətləri aşağı salmağa məcbur olacaq”.
Öz növbəsində, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə düşünür ki, bu gün verginin artması və azalması kirayə bazarında qiymətlərə təsiri sıfıra bərabərdir, çünki kirayə bazarı əhalinin gəlirləri ilə tənzimlənir:
“Yəni, gəlir artanda, kirayə bazarı da artır, gəlir azalanda, kirayə bazarında qiymətlər də aşağı düşür. Ona görə də bu gün qiymətlərə hər hansı bir əlavə hərəkətin təsir etmək imkanı çox məhdudur. Ola bilər ki, faiz paylarına təsir etsin. Amma bu gün kirayə mənzil bazarında qiymətlərin artımı sıfıra bərabərdir”.
Ekspert onu da əlavə edib ki, bu gün kirayə mənzil bazarında həm qiymətlərdə, həm də aktivlikdə durğunluq var:
“Bu gün kirayə mənzil bazarında aktivlik həddindən artıq aşağıdır. Qiymətlər hələ ki aşağıya doğru gedir. Yəni, həm qiymətlərdə, həm də aktivlikdə durğunluq var. Bu vəziyyət avqust ayının ikinci dekadasına qədər davam edəcək”.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlının sözlərinə görə isə, nazirlik tərəfindən hökumətə təqdim edilmiş layihə təsdiqini tapsa, bu halda kirayə evlərin qiyməti təqribən 50 manat bahalaşacaq:
“Bakıda kirayə verilən mənzillərdən vergi tutulmasının həcminin artırılması ilə bağlı hələlik Vergilər Nazirliyi tərəfindən təklif səsləndirilib.
Çox güman ki, bu layihə təsdiqlənəcək. Əgər layihə təsdiq olunarsa, bu halda mənzillərin kirayə verilməsi prosedurlarında müəyyən dəyişiklik ediləcək.
Bunun mahiyyəti də dəyişiləcək. Hazırda kirayə mənzillərin qeydiyyat sistemi, onları nəzarətdə saxlamaq imkanları mövcud deyil. Əgər bu sistem dəyişilərsə, bu bazarda qiymətlərə də təsir edəcək.
Ümumiyyətlə, Azərbaycanda öhdəlik götürən (mənzilini kirayə verən - red.) hazırkı qanunvericiliyə görə, müqavilə rəsmiləşdirilərsə, 14% həcmində gəlir vergisi ödəməlidir. Bu isə əksər hallarda kirayə götürənin üzərinə qoyulur.
Kirayə verən isə bu halda deyir ki, mənzilimi filan qiymətə kirayə verirəm, qiymət budur, istəyirsən razılaş, istəmirsən yox. Bu halda, mənzil kirayə götürən məcbur müqavilə bağlayaraq, həmin müqaviləyə uyğun olaraq da vergi ödəyir.
Düşünürəm, əgər 22% vergi həcminin artırılmasından söhbət gedirsə, kirayə mənzil bazarında qiymətlər artacaq. Məsələn, 300 manata kirayə verilən mənzildən təxminən 66 manat vergi tutulacaq. Bu isə nəticədə kirayə evlərin qiymətini təqribən 50 manat artıracaq”.
Onun sözlərinə görə, Vergilər Nazirliyi kirayə verilən mənzillərin 80-90%-də qeydiyyat, sənədləşmə işləri apararsa, bu halda büdcəyə ödənişlərin həcmini artırmaq olar. Təbii ki, bu halda nazirlikdən daha çevik, dinamik, mexanizm işləməyi gözləmək lazımdır.
Ekspert hesab edir ki, təklif qəbul edilsə, bücəyə ödənişlərin həcmi artacaq, lakin layihənin qəbulu kirayə mənzil bazarına tələbatı dəyişməyəcək:
“Azərbaycanda məskunlaşma ilə bağlı ciddi problemlər var, eyni zamanda əhalinin əksər hissəsi paytaxtda yaşamağa məcburdur.
Burda tələbə, regionlardan paytaxta işləmək üçün gələn insanlar daxildir. Onlar isə mütləq şəkildə hardasa qalmalıdırlar, mənzil kirayə etməlidirlər”.
Ekspert əlavə edib ki, bu gün Azərbaycanda kirayənin qeydiyyat sistemi olmadığına görə, kirayədə qalan vətəndaşların sayını hesablamaqda mümkün deyil.
R.Osmanlı hesab edir ki, bu gün ölkədə olan otellərin sayı turist qəbul etməyə kifayət edir. Əgər ölkəyə turist axını 2-3 dəfə artarsa, bu halda onların kirayə evlərə olan tələbatı artacaq.
Azərbaycan Vergilər Nazirliyindən kirayə mənzil bazarından vergi tutulması məsələsi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir.
“Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14% dərəcə ilə vergi tutulur.
İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə icarəyə verən bu maddəyə uyğun olaraq 14% dərəcə ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir”, - deyə nazirlikdən qeyd edilib.
Nazirlikdən həmçinin bildirilib ki, mənzil kirayəsi müqaviləsinin tərəfləri fiziki şəxslər olduğu halda, kirayə haqlarından verginin hesablanması və ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:
“Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i olduğu halda) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14% dərəcə ilə vergi tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir.
İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına rüblük ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim etməlidir. Kirayəyə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.
Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığı halda mənzili kirayəyə verən fiziki şəxs vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və ona ödənilən icarə haqqından xərclər çıxılmadan 14% dərəcə ilə vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir.
İcarə haqqından vergi ödəyən fiziki şəxs icarə haqqı gəlirlərini əldə etdiyi ildən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir”.
Nazirlikdən qeyd edilir ki, mənzili kirayəyə götürən diplomatik agent, konsulluq qurumu əməkdaşları və ya onlarla birgə yaşayan ailə üzvləri olduğu və kirayə haqqından ödəmə mənbəyində vergi tutulmadığı halda, müvafiq olaraq 1961-ci il 18 aprel tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 35-ci və 1963-cü il 24 aprel tarixli “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasının 52-ci maddələrini nəzərə alaraq kirayəyə verən vergi uçotuna alınıb kirayə haqqından vergini özü ödəyir.
“Fiziki şəxs mənzili hüquqi şəxsdən kirayəyə götürdüyü halda isə kirayəyə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq hüquqi şəxsə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20% dərəcə ilə mənfəət vergisi ödəyir”, - deyə nazirlikdən bildirilib.
Vətəndaşlar evini kirayə verdiyi halda vergini ödəmək üçün lazım olan posedurlar:
Vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayəyə verdiyi halda kirayəyə götürən tərəfindən ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14% dərəcə ilə vergi tutulur və bu zaman evini kirayəyə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarə haqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayəyə verdiyi halda kirayəyə verən vətəndaş özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və həmin ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir.
Vergi orqanı vətəndaşın ərizəsi daxil olduğu gündən sonrakı 2 gün müddətində ona vətəndaşın vergi orqanında uçota alınmasını təsdiq edən və üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilən müvafiq şəhadətnamə verir.
Bundan sonra, VÖEN-i olan vətəndaş kirayə haqqından xərclər çıxılmadan əldə etdiyi gəlirdən dövlət büdcəsinə 14% dərəcə ilə vergi ödəyir və hər ildən sonrakı ilin martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini verir.
Qeyd edək ki, kirayə verən nəzərdə tutulan vergiləri ödəməkdən yayınarsa, o, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır:
- Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
- Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir;
- Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1%-i məbləğində faiz tutulur.
Mənbə:> Oxu.Az