Azərbaycanda otellərin əksər hissəsi gəlirsizdir
Turizmin vergi cəlb edilməsi yaralı yerimizdir və bu sahənin vergiyə cəlb edilməsi çox cüzidir. Hətta bizim böyük turizm şirkətləri, otellərimizin əsas hissəsi demək olar ki gəlirsizdir. Bilmirəm, bu nə dərəcədə reallıqdır, həqiqətdir? Amma fakt budur.
Oxu.Az xəbər verir ki, bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Bu gün Azərbaycan böyük bir turist ölkəsinə çevrilmək ərəfəsindədir. Bunun üçün prezidentin rəhbərliyi altında və onun tapşırıqlarına əsasən gözəl infrastruktur yaradılıb. Həm şimal bölgəsində Şahdağ kompleksinin istifadəyə verilməsi, həm Qəbələ istiqamətində, həm də cənubda hər yerdə. Bizim bu gözəl imkanlarımız var. Azərbaycana turistlərin axını son Novruz bayramında da biz gördük. Kütləvi şəkildə axın oldu, hətta ölkə buna bir qədər hazır deyildi. Müəyyən məsələrdə suallar çıxmışdı.
Ölkəyə turist axını çoxaldığına görə sevinməliyik. Bizim qardaş Türkiyədən, İspaniyadan nəyimiz əksikdir. Bizdə bu sahəni inkişaf etdirmək üçün hər şey var. Sadəcə düzgün menecer, marketinq aparılmalıdır.
Əgər hesab olunarsa bu sahə vergiyə cəlb edilsin, ya azad olunsun, buna baxıla bilər. Vergi ilə bağlı heç bir vergi orqanının nümayəndəsi deyə bilməz ki, bunu eləmək olar, bunu eləmək olmaz”.
Nazir müavini onu da qeyd edib ki, bu gün supermarketlərdə meyvə-tərəvəz məhsullarının dövriyyəsi 30%-dən 25%-ə düşüb:
“Meyvə-tərəvəz dövriyyəsi supermarketlərin 30%-ni təşkil edir. Daha sonra bu rəqəm 25%-ə düşüb. Nazir də bu məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycanda istehlak olunan meyvə-tərəvəzin əksəriyyəti bazarlarda satılır.
Biz də bazarlardan alırıq. Supermarketlərdə də var. Bu hər kəsin alıcılıq istəyinə görə dəyişir. Kim necə istəyirsə, bir az artıq pul verib supermarketlərdən alsın. Hər bazarın öz alıcısı var. Ancaq onların (supermarketlərin-red.) bu məsələni qabartmaqla, başqa niyyətləri var”.
Mənbə:> Oxu.Az