Azərbaycanda kredit kartlarının sayı azalır
2016-cı ilin aprelin 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 434 min ədəd təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 225 min ədəd və ya 4% azalma deməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı son statistik məlumatda deyilib.
Hesabata görə, dövriyyədə olan ödəniş kartlarının ümumi sayından 2 milyon 439 min ədədi sosial kartlar, 1 milyon 521 min ədədi əmək haqqı kartları, 693 min ədədi isə digər debet kartları təşkil edib.
Bundan başqa, dövriyyədə olan ödəniş kartlarının ümumi sayından 780 min ədədi isə kredit kartlarının payına düşüb. Bu isə ilin əvvəli ilə müqayisədə 230 min ədəd və ya 23% azalma deməkdir.
İlin əvvəlindən sosial kartların sayı 12 min ədəd və ya 0,48% azalıb, əmək haqqı kartları isə 54 min ədəd və ya 3,7% artıb, digər debet kartlarının sayı 732 min ədəddən 693 min ədədə düşüb.
Qeyd edək ki, dövriyyədə olan kredit kartlarının ən pik həddi ötən ilin fevralın 1-də qeydə alınıb; 1 milyon 322 min ədəd.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli