Vengerin 30 milyonluq arzusu
İngiltərənin "Arsenal" klubunun istədiyi futbolçulardan daha birinin adı bəlli olub. ANS PRESS-in məlumatına görə, London klubunun baş məşqçisi Arsen Venger "Liverpul"dan Daniel Sturridgeni heyətə qatmaq arzusundadır.
İngiltərə mətbuatının məlumatına görə, fransız mütəxəssis klub rəhbərliyindən nəyin bahasına olursa-olsun 26 yaşlı hücumçunun keçidini rəsmiləşdirməyi tələb edir. "Arsenal"ın bu məqsədlə "Liverpul"a 30 milyon funt-sterlinqlik təklif göndərməyə hazırlaşdığı iddia olunur.
Sturridge 2009-cu ildə "Mançester Siti"dən 7,25 milyon avroya "Çelsi"yə transfer olunub. London klubu 2013-cü ildə onu 15 milyon avro qarşılığında "Liverpul"a satıb. "Transfermarkt" hazırda 26 yaşlı hücumçuya 25 milyon avro qiymət qoyub. Daniel Sturridge cari mövsümdə 24 rəsmi oyunda 12 qol vurub.
Bir müddət əvvəl İngiltərə Premyer Liqasının çempionu olan "Lester"in futbolçusu N`Qolo Kante "Arsenal"ın maraq dairəsinə düşüb. Arsen Venger fransız futbolçunu sərəncamında görmək istəyir. "Arsenal" 25 yarımmüdafiəçinin transferini həll etmək üçün onun müqaviləsindəki xüsusi maddədən yararlanmaq niyyətindədi. Həmin maddəyə əsasən 25 milyon avro ödəniləcəyi halda "Lester" Kanteyə azad agent statusu verməlidi.
Yarımmüdafiəçi ilə "Çelsi" klubu da yaxından maraqlanır. N`Qolo Kanteni transfer etmək üçün "zadəganlar" həmşəhərliləri "Arsenal" və "Real"la rəqabət aparmağı düşünür. Kante ötən yay "Kan"dan "Lester"ə 9 milyon avroya transfer edilib. Bu il Fransa yığmasına dəvət almağa başlayan 25 yaşlı futbolçu klubunun heyətində 35 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Mənbə:> ANSPRESS