“Sınıq körpü”də insidenti – FOTO
Mayın 13-də kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstan Respublikasına səyahət edən həmsərhəd rayonların bir qrup sakini Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq uşaq bezləri, yuyucu vasitələr və ərzaq məhsulları üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib.
Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da, həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalışıblar.
Vəzifə borcunu yerinə yetirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edən həmin şəxslər “Sınıq Körpü” gömrük keçid məntəqəsinin giriş və çıxışlarını bağlamağa cəhd göstərərək gömrük postunun fəaliyyətinə də mane olmağa çalışıblar.
Tovuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub. Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.
Mənbə:> Oxu.Az