Rövnəq Abdullayev məşəl yandırdı
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şəki rayonunun Aşağı Göynük kəndinə təbii qaz verilişinin bərpa edilməsi münasibəti ilə keçirilən mərasimdə iştirak edib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
R.Abdullayevə məlumat verilib ki, 651 abonenti olan Aşağı Göynük kəndinin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 58117 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
SOCAR prezidenti bildirib ki, son illər Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlər çərçivəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur.
Cari ilin 4 ayı ərzində ölkənin 78 yaşayış məntəqəsinə təbii qaz verildiyini vurğulayan SOCAR-ın prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli