Banklar krediti tamamilə dayandırdı – VİDEO
İki gün əvvəl qərar qəbul edildi ki, banklar bir ay müddətində bütün kreditləri ancaq manatla verməlidir.
Bundan sonra xüsusilə dollarla kredit verən banklar kredit xəttini tamamilə bağladılar. Yəni faktiki olaraq vətəndaşlar indi bir sıra banklardan, ümumiyyətlə kredit ala bilmirlər.
AzNews.info xezerxeber.com-a istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası aprelin 5-dən etibarən 1 ay ərzində kreditlərin ancaq manatla verilə biləcəyini elan etmişdi.
Ancaq dollarla kredit verməkdə maraqlı olan banklar manatla kreditə başlamaq əvəzinə, kredit xəttini ümumiyyətlə bağladılar. Bu isə faktiki olaraq bankların üzərinə götürdüyü önəmli bir öhdəliyin yerinə yetirilməməsi deməkdir.
Maliyyə Bazarlarına Nəzarət Palatası manatla kredit verilməsini tələb kimi qoymaqla milli valyutaya inamın bərpa olunmasını hədəfləmişdi. Ancaq bankların bu qərardan sonra kredit xəttini bağlaması maliyyə sistemində ciddi problemlərə gətirib çıxara bilər.
Ekspert Vüqar Bayramovun fikrincə, bankların bu cür addım atmasına səbəb onların aktivlərinin böyük qisminin dollardan ibarət olmasıdır.
Banklar dolları manata çevirməkdə maraqlı olmadıqlarından gözləməyə üstünlük verirlər. Mütəxəssis belə bir vəziyyətdə Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni addımlar atmalı olduğuna diqqət çəkir.
Mənbə:> Xəzərxəbər