“Əl Cəzirə” 500-ə yaxın əməkdaşını ixtisar edir
Mərkəzi ofisi Qətərdə yerləşən “Əl Cəzirə” beynəlxalq telekanalı 500-ə yaxın əməkdaşını ixtisar edir.
ANS PRESS-in məlumatına görə, telekanal bəyanat verib ki, ixtisarlar başda Qətərin paytaxtı Dohada yerləşən qərargah olmaqla şirkətin bütün dünyada yerləşən ofislərinə şamil edilir.
Bəyanatda vurğulanır ki, baş qərargah 300-ə yaxın əməkdaşını işdən azad etmək məcburiyyətində qalacaq. İxtisarlar zamanı televiziyanın redaktor kollektivinə demək olar ki, toxunulmayacaq. Ancaq texniki və köməkçi xidmət əməkdaşları ilə kifayətlənəcəklər.
"Al Jazeera" ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Televiziya Qətər hakimiyyəti tərəfindən 1996–cı ildə yaradılıb. O, indiyədək dövlət vəsaiti hesabına maliyyələşdirilir. Hazırda "Əl-Cəzirənin" ştatında onlarla ölkədə çalışan təxminən 4,5 min nəfər işçi var.
Kanalın müəyyən gəlir mənbələri arasında reklamlar, abunəçilərin ödənişləri, digər şirkətlərlə edilən yayım müqavilələrinin yanında satılan video görüntülər də kanala maddi dəstək olub. Məsələn Əl-Cəzirənin "Əl Qaidə" lideri Üsamə bin Ladenin çıxışının bir dəqiqəsini 20.000 dollara satdığı da deyilir.
"Əl-Cəzirənin" ştatının azaldılması barədə qərarı analitiklər neft və qaz sektorunda qiymətlərin düşməsi səbəbindən Qətərin gəlirlərinin ümumi azalması ilə əlaqələndirirlər.
Mənbə:> ANSPRESS