ANALİTİKLƏR: “Azərbaycanda dollar ucuzlaşacaq”
Federal Ehtiyat Sisteminin (FES) dünənki iclas qəbul olunan qərardan sonra dollar qlobal valyuta bazarında ucuzlaşmağa başlayıb. AzNews.info xəbər verir ki, FES-in uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% həddində saxlaması dünya maliyyə bazarında optimist əhavl-ruhiyyənin yaranmasına səbəb olub. Belə ki, qlobal iqtisadi böhran şəraitində investorlar daha çox vəsaitlərini ABŞ istiqrazlarına yönəltməyi düşündüyündən FES-in uçot dərəcəsini artırmaması planlaşdırılan investisiyaları bir müddət ləngidib. FES-in açıqlamaları USD/EUR məzənnəsini dünən 1,1070 səviyyəsindən 2% və ya 2,2 bənd artıraraq 1,1290 səviyyəsinə çıxmasına səbəb olub. Dünya fond birjaları və qızıl da qərara müsbət reaksiya verib. Neft qiyməti isə 38,84 dollar/barel səviyyəsindən 6,4% artaraq 41,34 dollar/barelə yüksəlib.
Azərbaycan manatının dollarla müqayisədə məzənnəsi də bu gün FES-in qərarına müsbət reaksiya verib. Belə ki, səhər saatlarında kommersiya banklarında dolların satış qiyməti 1,59 AZN/USD səviyyəsinə qədər enib. Belə ki, AMB-nin bu günə olan rəsmi məzənnəsi 1,6102 AZN/USD təşkil edib.
Analitiklər hesab edir ki, FES-in iyun ayında ehtimal olunan uçot dərəcəsini artırmasına qədər qlobal maliyyə bazarlarında ciddi neqativ dəyişiklik olmayacaq. Neftin qiymətinin yay aylarına qədər 50 dollar/barelə yüksəlməsi ehtimal olunur. Dolların zəifləməsi və neftin qiymətinin yüksəlməsi fonunda AZN/USD məzənnəsinin 1,50-1,55 AZN/USD səviyyəsinə qədər enməsi proqnozlaşdırılır. Lakin ilin ikinci yarısında yenidən qlobal maliyyə bazarlarının mənfi tendensiya göstərməsi, nəticədə manatın zəifləməsi və 1,80-1,90 AZN/USD-ə yaxınlaşması ehtimal edilir.
Mənbə:> Report.az