Dollar bahalaşmağa başladı
Bir neçə dəqiqə əvvəl açıqlanan ABŞ-da işsizlik göstəriciləri Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artıracağını göstərir.
Qeyri-kənd təsərrüfatı sektorunda 180 min yeni iş yerinin açılması gözlənildiyi halda, faktiki olaraq 271 min iş yerlərinin açıldığı müəyyənləşib. Bu rəqəmlə bərabər, işsizlik ABŞ-da 5,1%-dən 5,0%-ə geriləyib.
Qeyd edək ki, bir qədər öncə verilən proqnozlara paralel olaraq dollar güclənib və 1,0880 USD/EUR səviyyəsindən 1,4% azalaraq hazırda 1,0730 USD/EUR-a kimi geriləyib. Bununla bərabər, daha öncə verilən proqnozlara uyğun olaraq, qızılın qiyməti 1 108 dollar/unsiyadan 1,5% azalaraq 1 090 dollar/unsiyaya enib.
Bu azalmanın gələn həftə davam etməsi gözlənilir. Dollar/avro məzənnəsinin ilin sonuna qədər 1,04 USD/EUR, qızılın qiymətinin isə 1 000 dollar/unsiya səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.
Azərbaycanın valyuta bazarında isə ABŞ dollarının 1,0520 AZN/USD, avronun isə 1,10 AZN/EUR həddinə yaxınlaşacağı ehtimal olunur
Mənbə:> Report.az