Azərbaycan Gürcüstanı qazla tam təmin edəcək – VİDEO
Gürcüstanla Azərbaycan arasında qaz danışıqları başa çatıb və bu ölkəni 2030-cu ilə kimi təbii qazla təmin etmək barədə saziş imzalanıb.
Bu barədə bu gün ANS-in “Hesabat” verişində Mir Şahinin qonağı olmuş Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Rövnəq Abdullayevin sözlərinə görə, Gürcüstana nəql etmək üçün Azərbaycanın əlavə qaz imkanları yaranıb. “Hazırda iki xətlə Gürcüstana ildə 3 milyard kubmetrə qədər qaz vermək imkanı yaranıb. Amma bu ölkənin qaza olan tələbatı 2-2,4 milyard kubmetr arasında dəyişir”,- deyə ARDNŞ prezidenti vurğulayıb.
Rövnəq Abdullayev Azərbaycanın qazı Gürcüstana çox əlverişli qiymətə satdığını bildirib: “İndi Avropada qazın qiyməti o qədər aşağı düşüb ki, bizim qiymətlər bundan çox yuxarıdır”.
“Gürcüstan bizim ənənəvi bazarımızdır və biz onu qorumalıyıq. Biz orada möhkəmlənməliyik”, - deyə ARDNŞ prezidenti bildirib.
TAP layihəsindən danışan ARDŞ-nin prezidenti Yunanıstanda təməli qoyulacaq layihənin sənədləşmə problemlərindən dolayı ləngidiyini söyləyib. Bildirib ki, layihənin təməl qoyulması mart ayında nəzərdə tutulsa da, Yunanıstanda yaranan texniki problemlər nəticəsində may ayına qədər təxirə salınıb.
Rövnəq Abdullayev neft hasilatının azaldılması barədə çağırışlara Azərbaycanın da qoşulacağını, hasilatın müəyyən səviyyədə saxlanılacağını və buna görə də artım layihələrinin dayandırıldığını da bildirib.
Mənbə:> ANSPRESS