BP ötən il 257 Azərbaycan vətəndaşını işdən çıxarıb
Xarici kadrlar yerli kadrlarla əvəzlənir.
2015-ci ilin axırına BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 735 nəfər olub.
Bu barədə “BP-Azerbaijan”dan Oxu.Az-a bildirilib.
“Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə dörd azərbaycanlı vitse-prezident daxildir”, - deyə şirkətdən qeyd edilib.
Şirkətdən bildirilib ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcək:
“BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.
İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir”.
Qeyd edək ki, 2015-ci ilin 3-cü rübünə olan məlumata görə, BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub. 2015-ci ilin axırına isə şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 130 nəfər azalıb. Bundan başqa, 2014-cü ilin sonu ilə müqayisədə 257 nəfər Azərbaycan vətəndaşı şirkətdən çıxarılıb.
Xatırladaq ki, 2014-cü ilin sonuna BP-də çalışan yerli kadrların sayı 2992 nəfər olub.
Mənbə:> Oxu.Az