“Azərsu” istehlakçılara satdığı suyun həcmini açıqladı
2015-ci ildə istehlakçılara 289 milyon kubmetr su satılıb, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Göstərilən xidmətlər üzrə yığım səviyyəsi 2,4% artaraq 93,6%-ə yüksəlib, abonent sayı 56 min artaraq 1 milyon 377 minə çatıb.
Bu barədə qurumun 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilib.
Konfransda qeyd edilib ki, ötən il ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb:
“Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilib.
Ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5%-ə, Bakı şəhəri üzrə 79,2%-ə yüksəlib”.
“2016-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” yarışları, Dünya şahmat olimpiadası və digər beynəlxalq tədbirlərlə əlaqədar “Azərsu” ASC üzərinə düşən vəzifələrin icrasını təmin edəcək, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunmasını diqqətdə saxlayacaq”, - deyə qurumdan qeyd edilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli