110-dan çox əmanətçiyə 2,6 mln. manatdan atrıq kompensasiya ödənilib
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan» ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan 110-dan çox əmanətçiyə 2,6 milyon manatdan artıq kompensasiya ödənilib.
Fonddan bildiriblər ki, əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edilir.
Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC və "Rabitəbank" ASC seçilib.
Mənbə:> Oxu.Az