2016-cı ildə manatı nə gözləyir? – MÜHÜM AÇIQLAMA + VİDEO
Azərbaycanın valyuta balansında olan situasiya olduqca gərgin idi. Digər tərəfdən, biz bir sıra mühüm layihələr həyata keçiririk. Belə olan şəraitdə valyuta balansının gərginliyi belə bir addımın atılmasını şərtləndirən məsələdir.
Oxu.Az xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov bildirib.
“Biz hesab edirik ki, atılan addım bütövlükdə idxalın əhəmiyyətli azalmasına gətirib çıxarmalıdır. İqtisadiyyatda ixracın çoxalması və idxalın əvəzlənməsi prosesi güclənməlidir.
Düşünürəm ki, manatın yeni qiyməti, onun dinamikası bütövlükdə valyuta bazarında olan gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq. Kritik idxal qalmaqla, biz idxalı kəskin azaltmalıyıq”, - deyə, E. Rüstəmov bildirib.
Mərkəzi Bank rəhbəri həmçinin dəbdəbəli məhsulların ölkəyə idxalı ilə bağlı danışıb:
“O cümlədən fikirlərimizdən biri budur ki, Azərbaycan dəbdəbə, lüks malların ölkəyə idxalına qarşı rüsum siyasəti tətbiq etməlidir. Bir çox ölkələrdə bu var, məsələn qonşu Türkiyədə. Biz bunu etməliyik, bazarlarımızı qorumalıyıq.
Bu cür idxalı məhdudlaşdırmaqla məşğul olmalıyıq. İqtisadi metodlarla. Kimsə gətirmək istəsə böyük rüsumlar ödəməlidir və o rüsumlar da dövlət büdcəsinə getməlidir. Bizim bu sahədə əhəmiyyətli imkanlarımız var. Əlavə olaraq, ixracın stimullaşdırılması istiqamətində addımlar atılmalıdır. Bu istiqamətdə düşünürük. İxracatçılar üçün ucuz kreditlərin verilməsi, digər güzəştlərin müəyyənləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi kompleks tədbirlər və proqramlar üzərində işləyir.
Bütövlükdə batılan bu addımlar, o cümlədən məzənnə siyasəti, ixracın stimullaşdırılması, idxalın məhdudlaşdırılması həm makroiqtisaidy baxımdan Azərbaycanın xarici balansını stabilləşdirilməsi, digər tərəfdən milli ixracatçılar üçün əlavə stimul yaradacaq”, - deyə, E. Rüstəmov bildirib.
Mənbə:> Oxu.Az