Restoranların od püskürən yeni il şousu – FOTO
Yeni ilin gəlişinə bir neçə həftə qalıb. Çoxları dükan və bazarlarda ərzaq məhsullarının qiymətinin qalxmasını düşünsə də, 2016-cı ili restoranlarda keçirməyi planlayanlar da az deyil.
“Qafqazinfo” olaraq biz də bu məqamda həmin gecənin bir müştəriyə neçəyə başa gəldiyini öyrənmək istədik.
Məlum oldu ki, Yeni il günü adambaşına orta qiymətlə ən ucuz əyləncə mərkəzləri 150 manat, ən bahalı məkanlar isə 300 manata başa gəlir.
Nəzərə alsaq ki, hər bi ailədə 3-4 nəfər var və onlar bir arada bayramı keçirmək istəyir. Bu istəkdə olan ailələrə isə bu bayram gecəsi çox baha başa gələcək. Belə ki, 4 nəfərlik bir ailə restoranlara 600- 1200 manat ödəməli olacaq.
Ötən ilə nisbətən bu ilki qiymətlərdə vətəndaşlar daha çox “tərləyəcək”. Çünki bu il əyləncə mərkəzləri, hotellərdə qiymət artımı müşahidə olunur.
Məşhur restoranlara üz tutmaq üçün isə bundan qat-qat daha çox pul xərcləməli olacaqsız.
“Buta Palace”da 200 manatlıq Yeni il
Bakının ən bahalı şadlıq saraylarında biri olan “Buta Palace” yeni ilə özəl hazırlaşıb.
Şadlıq sarayından verilən məlumata görə, giriş biletlədir. Kokteyl masaları 50 AZN, VİP masalar isə 200 AZN təşkil edir. Aşağı və orta təbəqə bu şadlıq sarayının kokteyl menyusundan yararlana bilər.
Fantastik bilet qiyməti
“Samaxi Palace Platinum By Rixos”da fantastik menyu qiymətləri ilə digərlərində seçilir. Hoteldə Yeni il gecəsi keçirmək istəyənlərin əli cibində olmağı məsləhət görülür. Müğənni Nigar Camal və Zamiq Hüseynovun səhnə aldığı hoteldə bilet qiyməti 180 manat təşkil edir.
“Hilton Baku” iddialıdır
“Hilton Baku” hoteli də Yeni il günü şou proqramı hazırlayıb. Hoteldə Yeni il şənliyi keçirənlərin cibində ən azı 170 manat olmalıdır. “Hilton Baku” müştərilərinə canlı musiqi və fərqli şou göstərəcəklərinə iddialıdır.
Gözləri kəllə-çarxa çıxaran menyu
“Fairmont Baku at the Flame Towers”də isə qiymətlər gözləri kəllə-çarxa çıxarır. Yeni ili həmin məkanda keçirmək istəyənlərin cibində ən azı 50 AZN, ən çoxu isə 190 AZN olmalıdır. 84 manata 5 cür yemək, desertlərin olduğu menyunu seçmə imkanınız var. Hoteldə “Alov” restoranı iki qiymətli menyu təklif edir. Xüsusi menyu 140 manat, yalnız cazz və şampanın olduğu menyu isə 50 manat dəyərindədir. Hoteldə VİP menyu isə 190 AZN təşkil edir.
Ürək açmayan qiymətlər
Bakının məşhur əyləncə mərkəzlərindən biri olan “Neolit”də qiymətlər ürəkaçan deyil. Əməkdar artist Ədalət Şükürov, Natavan Həbibi, Sevda Yəhyayeva, Sevil- Sevinc bacıları, İzzət Bağırov və başqa məşhurların iştirak edəcəyi gecədə bir nəfərlik giriş haqqı 150 AZN təşkil edir.
“Neolit”in administratoru bizimlə söhbətində qeyd etdi ki, həmin gecə uşaqlar üçün giriş haqqı yarı qiymətə olacaq.
Aygün və Çelik üçün 300 AZN
“Bakı Əyləncə Mərkəzi”ndə isə qiymətlər əl və cib yandırır. Xalq artisti Aygün Kazımova və qızı İlqarə, türkiyəli müğənni Çelik kimi digər ulduzların səhnə alacağı məkanda giriş haqqı 150-300 arası dəyişir.
Qiymətlər səhnəyə yaxın və uzaqlığına görə dəyişir
“Oazis” şadlıq sarayında proqram axşam saat 8-dən başlayacaq, səhər saat 3-ə kimi davam edəcək. Qiymətlər isə səhnəyə yaxın və uzaqlığına görə dəyişir. Rəhim Rəhimli, Niyam Salami kimi məhşurların səhnə alacağı restoranda ən ucuz menyu 80 AZN, ən bahalı menyu isə 150 AZN təşkil edir.
Əyləncə mərkəzləri, restoranlar isə bir-biri ilə rəqabətə girərək yerli şou aləminə, hətta xarici ulduzlara müraciət edirlər.
Ancaq əksər məşhurları Yeni il günü həmin səhnələrdə görə bilməyəcəyik.
“Qafqazinfo”ya açıqlama verən əməkdar artist Lalə Məmmədova həmin günü öz ailəsi və qızları ilə birgə keçirəcəyini bildirib:
“Həmin günü heç bir planım yoxdur. Qızlarım və ailəmlə birgə keçirmək fikrindəyəm”.
Müğənni Ayan Babakişiyeva da özəl günü öz ailəsi ilə birgə keçirən məşhurlar sırasındadır:
“Ha-hazırdaTürkiyədəyəm, elə burda qeyd etmək istərdim. Ancaq işlərim çoxdur. Bu səbəbdən Bakıya gəlirəm. Mən əsasən özəl bayramları ailəmlə, dostlarımla birgə qeyd edirəm”.
Rəqqasə Oksana Rəsulova açıqlamasında bildirdi ki, Yenil günü ilə bağlı heç bir plan qurmayıb:
“Hələ bu barədə heç nə deyə bilmərəm. Dəqiq plan qurulmayıb”.
Mənbə:> Qafqazinfo.az