Məşhur marketlər şəbəkəsi halal ət satışını dayandırır
Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən məşhur “Spar” supermarketlər şəbəkəsi halal ət satşı ilə bağlı qalmaqallı qərar verib. ANS PRESS-in məlumatına görə, marketlər şəbəkəsində “Halal ət” sertfikatı olan ət və ət məhsullarının satışı yasaqlanıb. Əməkdaşlar marketə yönəlmiş tənqid və ittihamlar səbəbindən belə bir addım atıldığını bildiriblər.
Yasaq barədə açıqlama verən şirkət sözçüsü qazancla imici tərəzidə çəkdiklərini, bundan sonra halal ət satışını dayandırdıqlarını deyib. Həmçinin kəskin tənqid hədəfi olduqlarını deyən sözçü, cihada dəstək verməkdə ittiham olunduqlarını qeyd edib.
“Bildirmək istəyirik ki, biz "Spar"da qətiyyən keyləşdirmədən kəsilmiş ət məhsulları satmırıq. Halal sertfikatının məzmununda da heyvanların kəsilmədən əvvəl keyləşdirilməsi var. Avstriya qaydalarına görə, yeganə fərq heyvan kəsilən zaman oxunan duadır. Tədarükçü kimi Avstriyada yaşayan bütün əhali qruplarına görə təəssüf edirik. Sosial şəbəkələrdə yayılan tənqidlərin səviyyəsi bizi şoka salır. Amma nəticələri də qəbul etməliyik.” – deyə marketin “Facebok” səhifəsində bildirilir.
Sosial şəbəkədə marketin bu qərarını etirazla qarşılayanlar da olub.
“Spar” təxminən 10 il əvvəl müsəlman müştəriləri üçün halal ət satışlarına başlamışdı.
Mənbə:> ANSPRESS