Telman İsmayılovla bağlı məhkəmə təxirə salındı
Moskva Arbitraj Məhkəməsi “Moskva Bankı”nın iş adamı Telman İsmayılovun müflis elan edilməsi və borclarının restrukturizasiyası barədə müraciətinə baxılmasını dekabrın 21-nə kimi təxirə salıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bazar ertəsi məhkəmə “Moskva Bankı”nın Telman İsmayılovun qeydiyyat ünvanını müəyyənləşdirmək üçün Federal Miqrasiya Xidmətinə sorğu göndərmək barədə vəsatətini təmin edib.
Məhkəmənin sədri Pavel Markov bildirib ki, təqdim olunan materiallarda T.İsmayılovun yaşadığı ünvanla bağlı ziddiyyətli məlumatlar var. Sənədlərin bir hissəsində onun Moskva şəhərində, digər hissəsində Moskva vilayətindəki Skolkovo qəsəbəsində qeydiyyatda olduğu göstərilir. Bununla əlaqədar məhkəmə işə baxana kimi borclu tərəfin ünvanını dəqiqləşdirməsini vacib hesab edib.
Xatırladaq ki, “Moskva Bankı” AST qrupunun sahibi T.İsmayılovun müflis elan olunması üçün Arbitraj Məhkəməsinə iddia təqdim edib. Oktyabrın 1-də Arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank “Ruslayın” MMC və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb.
Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan T.İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib.
İddiaya əsasən nə faizlər, nə də əsas borc ödənilib. Nəticədə T.İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar təşkil edib. “Moskva Bankı” T.İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşünasları Arbitraj Məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər.
AST şirkətlər qrupuna nəzarət edən T.İsmayılov 2009-cu ildə hüquq-mühafizə orqanları tərəfindən geniş miqyaslı iradlarla üzləşib. Əsasən də Çerkizov bazarında sanitar nəzarəti orqanları çoxsaylı qayda pozuntuları aşkar etmişdilər.
Mənbə:> Oxu.Az