Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri...

Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri...

Bu ilin sentyabrında heyvandarlıq məhsullarının qiyməti 0,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bitkiçilik məhsullarının 4,4 faiz ucuzlaşdığı, heyvandarlıq məhsullarının isə cəmi 0,4 faiz bahalaşdığı bildirir.

DSK-nın statistikasına inansaq, kənd təsərrüfatı məhsulları avqust ayı ilə müqayisədə 2 faiz ucuzlaşıb.

Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri...


Bahalaşan məhsullar siyahısında süd məmulatları da var. Amma komitənin hesabatında göstərildiyi kimi, 0,4 faiz deyil, 30-40 faiz bahalaşma qeydə alınıb. Südün, pendirin, qatığın, yoğurtun, qaymağın, xamanın və daha bir neçə məhsulun qiyməti artıb.

Məsələn, 3,5 faiz yağlı südün qiyməti 30-40 qəpik, Bərdə, İsmayıllı pendiri 1-3 manat, xama 1 manat, pəhriz şorları 50-60 qəpik, açıq satılan qaymaq 2 manat, xama 2 manat bahalaşıb.

Ekspertlər süd məmulatlarının bahalığını mövsümlə əlaqələndirir. Yəni payız-qış aylarında istehsalın azalması, əvəzində tələbatın artması səbəbindən bahalaşma mümkün imiş.

Amma Kənd Təsərrüfatı Nazirliyinin hesabatları bu fikirləri tamamilə alt-üst edir.

Nazirlik heyvandarlığın inkişaf etdiyini, məhsul istehsalının artdığını, tələbatın yerli istehsalla ödəndiyini açıqlayır.

Bəs əslində necədir? Son vaxtlar ard-arda yaradılan süd istehsalı müəssisələrinin məhsulları ölkə əhalisinin tələbatını ödəyə bilirmi?

Qeyd edək ki, süd məhsullarının keyfiyyəti də düşünməyə vadar edən suallardandır. Çünki yerli müəssisələrin istehsal etdiyi süd və süd məhsullarının qablaşdırılmasında 100 faiz təbii süddən istifadə olunduğu qeyd edilir.

Qeyd edək ki, adambaşı südə illik tələbat 360 litrdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) süd və süd məhsullarını həyati vacib qidalar siyahısına əlavə edib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına açıqlamasında deyib ki, ölkə əhalisinin südə illik tələbatı 3,5 milyon tondur. Azərbaycanda isə 1,7 milyon ton süd istehsal edilir: “Digər məhsullardan fərqli olaraq süd və süd məhsullarının normasına riayət etmək vacibdir. Amma ölkə bazarında satışa çıxarılan süd olduqca bahadır”.

Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri...
Vahid Məhərrəmov

Ekspert vəziyyəti Avropa ölkələri ilə müqayisə edir: “Avropa ölkələrində 1 litr südün maya dəyəri 69 qəpiyə başa gəlir. Lakin südün həyat üçün əhəmiyyəti nəzərə alınaraq və onun istehlakçılar üçün əlçatan olmasını təmin etmək məqsədilə 35 qəpiyə satılır. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti aşağı olsa da südün qiyməti 1 manatdan yuxarı təklif edilir. Nəzərə alaq ki, Avropada əhaliyə yüksək keyfiyyətli süd və süd məhsulları təklif olunur. Bu sahədə çox ciddi nəzarət sistemi mövcuddur”.

MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəyir. Belarus adambaşına ildə 703 litr süd istehsal edir.

V.Məhərrəmov onu da qeyd edir ki, Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə üçüncü yerdə gəlir. Ermənistanda 208 litr, Azərbaycanda isə 193 litr süd istehsalı olunur.

Azərbaycanda istehsal edilən südün keyfiyyəti də müzakirə mövzusudur.

V.Məhərrəmovun sözlərinə görə, istehsal edilən südün keyfiyyəti Avropa standartlarına uyğun deyil. Həmçinin südün emalı ilə bağlı problemlər var: “İnkişaf etmiş ölkələrdə süd sağılması kompüter vasitəsilə həyata keçirilir. İnəkdə xəstəlik olanda kompüterin yaddaşına siqnal daxil olur, sağım dayandırılır, heyvan müalicəyə göndərilir. Bizdə isə çox az hallarda südün sağılması robotlarla həyata keçirilir. Vərəm, brüselyoz, qarayara qorxulu kimi xəstəliklərə yoluxmuş heyvanların da südü sağılır və satışa çıxarılır”.

Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri...


Südün və süd məhsullarının hazırlanmasında quru süddən də istifadə edilir. Baxmayaraq ki, qablaşdırmalarda bu barədə məlumat yoxdur.

Azərbaycana quru süd idxal olunur. Məhsulun tərkibindəki mikroorqanizmlərin inkişafını süni dayandırmaq üçün antibiotiklər əlavə olunur. Bu isə orqanizm üçün olduqca zərərlidir.

Süd emalı müəssisələrinin birində çalışmış Namiq Qurbanov da virtualaz.org saytına açıqlamasında məhsulun hazırlanmasında təbii südlə yanaşı quru süddən istifadə olunduğunu təsdiqləyir: “Təkcə süd deyil, bir çox məhsulların, pendirin hazırlanmasında da quru süddən istifadə edilir. Sadəcə bu məlumat məhsulların qablaşdırmasında öz əksini tapmır”.

İqtisadiyyat və Sənaye Nazirliyi də son günlərin bahalaşması ilə bağlı tədbir görmək niyyətində deyil. Nazirlik əvvəllər bayramlardan öncə süni qiymət artımının qarşısının alınmasına yönələn tədbirlərlə bağlı açıqlamalar yayırdı. Amma son 5-6 ayda belə açıqlamalara rast gəlmirik.

Nazirlik qiymətlərə müdaxilə etməsə də süd və süd məhsulları ilə bağlı tövsiyələr verir. Məsələn, belə: “Süd bakteriyalarla tez çirklənməyə məruz qalır. Buna görə də məhsul seçərkən xüsusi ehtiyatlı olmaq lazımdır. Məsələn, keyfiyyətli xamanın rəngi ağ və ya açıq sarı çalarlı olmalıdır. Dadında acı, turş, pendir, piy, maya və s. tamlarının olmasına yol verilmir. Xamanın tərkibində şorun, nişastanın, unun olması məhsulun saxtalaşdırılması sayılır. Xamaya süd, qatıq, kefir və s. qatmaqla da onun saxtalaşdırılması mümkündür. Bu saxtalaşdırmaları müəyyən etmək üçün daha əlverişli üsul xamanın yağlılıq faizinin təyin edilməsidir.

Xamanın keyfiyyətinin yoxlanılmasının digər bir üsulu onun bir parçasının bir stəkan isti suya tökülməsidir. Əgər o, keyfiyyətlidirsə, dərhal suda həll olunacaq, əks halda kütlə formasında suyun dibinə yatacaq”.

Tövsiyələrdə deyilir ki, qablaşdırılan süd məhsulları markalanmalı və üzərində istehsalçının adı və ünvanı, məhsulun adı, yağın kütlə payı, əmtəə nişanı, məhsulun xalis çəkisi, istifadə tarixi, tərkibi, istifadə edilməsi haqda məlumatlar, saxlanılma müddəti və şəraiti olmalıdır.

Hamamda süd sexi, yaxud ağartı məhsullarının qara günləri...


Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşən layihələr arasında illik gücü 200,2 min ton olan 8 süd emalı müəssisəsi də var.

Ölkənin süd bazarını məhsulla təmin edən müəssisələrin dəqiq sayı bəlli deyil. Lakin əsas pay “Nur Süd” (“PalSüd”) və “Milk Pro LTD” (“Sevimli dad”), “Səba” və digər iri müəssisələr arasında bölünür.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin araşdırmaları isə sübut edir ki, daha çox xırda müəssisələr tərəfindən nöqsanlara yol verilir.

Ötən il aparılmış yoxlamalar zamanı Nizami rayonu ərazisindəki mənzillərdən birinin hamam-tualetində süd məhsulları hazırlandığı da aşkarlanmışdı.

Bir sözlə, qiymət artır, keyfiyyət isə hələ də müzakirə olunur...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *