Prezidentin son qərarları qiymətləri aşağı salacaq
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Fərmana əsasən, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. Sahibkarlığın inkişafına dəstək olaraq atılan bu addımın ardınca isə gömrük nəzarətinin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi ilə bağlı qərar verildi.
Belə ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir. Hər iki qərar bu sahədə çalışanlar tərəfindən böyük sevinclə qarşılandı.
Oxu.Az xəbər verir ki, “Kaspi” qəzetinin yazdığına görə, bu qərardan vətəndaşların da böyük gözləntiləri var. Çünki yoxlamalar zamanı sahibkarlardan qanunsuz pul alındığı üçün onlar da həmin pulu istehlakçılardan alırdılar ki, bu da qiymətlərin baha olmasına gətirib çıxarırdı. Eləcə də gömrükdəki güzəştlər də qiymətlərə müəyyən qədər təsir etməlidir. Bəs bu proses necə cərəyan edəcək? Qiymətlərdə hər hansı ucuzlaşma ola bilərmi? İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, sahibkarlıq fəaliyyəti üçün, eləcə də gömrük istiqamətində mövcud olan bir sıra maneələrin aradan qaldırılması istiqamətində müvafiq addımların atılması bütövlükdə iqtisadiyyat üçün hissediləcək müsbət nəticələr vəd verir:
“Məsələn, bilavasitə yoxlamaların noyabrın 1-dən 2 il müddətinə dayandırılması, o cümlədən lisenziyalaşdırmanın sadələşdirilməsi iqtisadi aktivliyi artıracaq. Bu özünü xüsusən, kiçik və orta sahibkarlığın canlanmasında göstərəcək. Qeyri-neft sektorunun inkişaf etdirilməsində isə bu, prioritet məsələ təşkil edir”.
İqtisadçının sözlərinə görə, gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında qanunu birbaşa sahibkarlığın inkişaf etdirilməsinə dəstək olaraq qəbul etmək bir qədər düzgün yanaşma tələb edir. Müsahibim hesab edir ki, bu, fiziki şəxslər üçün dəyəri 10 min ABŞ dollarından aşağı olan malları ölkəyə gətirməyə stimul yaradacaq: “Hərçənd, bu, sahibkarlıq fəaliyyəti üçün birbaşa əhəmiyyət kəsb etmir, ancaq daxili istehlak bazarı üçün əhəmiyyətlidir. O baxımdan ki, yerli istehsal və idxal ilə məşğul dairələr realizə etməyə çalışdıqları malların çeşidinə, qiymətlərinə və keyfiyyətinə daha həssas və məntiqi yanaşmağa məcbur qalacaqlar”.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə deyir ki, lisenziyaların verilməsi sahəsindəki əngəllərin aradan qaldırılması, əsassız yoxlamaların dayandırılması, fiziki şəxslər tərəfindən respublikanın gömrük ərazisinə gətirilən malların və məhsulların ümumi gömrük dəyərinin əsaslı şəkildə artırılmasında məqsəd ölkədə azad sahibkarlığın inkişaf etdirilməsinə daha münbit şərait yaratmaq yolu ilə qeyri-neft sektorunun inkişafına nail olmaqdan ibarətdir. Bu addımlar digər tərəfdən ölkədə istehlak mallarının və məhsulların qiymətlərinin əsaslı şəkildə aşağı düşməsinə və beləliklə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq.
Gömrük nəzarətinin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsinə gəlincə, F.Yusifov dedi ki, burada olan qarışıq məqamlar aradan qalxdı və bu, qiymətlərə də təsir göstərəcək:
“Bu günə qədər mövcud olan qaydalara əsasən, vətəndaşlar ölkədən 10 000 dollara qədər vəsait apara bilsələr də, ölkəyə cəmisi hər bir nəfər üçün 1500 dollar (müşayiət edən hər bir həddi-buluğa çatmayan üçünsə 500 dollar) ekvivalentində mal-məhsul gətirə bilərdilər. Məsələnin bu qaydada qoyuluşunun özündə bir yanlışlıq var idi. Sual yaranırdı ki, ölkədən 10 000 dollar aparan vətəndaş bu pulun cəmisi 1500 dollarına mal, məhsul alıb gətirə bilərsə, onda o həmin pulun yerdə qalan hissəsindən necə istifadə etməlidir? Prezidentin imzaladığı fərman təkcə bu uyğunsuzluğu aradan qaldırmadı. Hər bir vətəndaşın ölkəyə 10 000 dollara qədər mal-məhsul gətirə bilməsi və onu müşayət edən həddi-buluğa çatmayanların hər birinin isə 2000 dollar məbləğində mal-məhsul gətirmək şansının olması o deməkdir ki, vətəndaşların xaricdən gətirdikləri anoloji malların ölkə daxilində qiymətləri avtomatik aşağı düşəcək”.
Mənbə:> Oxu.Az